YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: AZƏRTAC ilə JİJİ PRESS arasında əməkdaşlıq Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına töhfə verəcək

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov JİJİ PRESS informasiya agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda ilə görüşüb. Görüşdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak ediblər.
Azərbaycanın Yaponiyanı özünün strateji tərəfdaşı hesab etdiyini deyən Əli Həsənov müstəqilliyimizin ilk günündən iki ölkə arasında pozitiv münasibətlər yarandığını qeyd edib.
AZƏRTAC ilə JİJİ PRESS arasında müqavilənin imzalanmasını yüksək qiymətləndirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb: “Azərbaycan və Yaponiya beynəlxalq məsələlərdə ortaq mövqelərdən çıxış edirlər. Ona görə də düşünürük ki, ölkələrimiz arasında münasibətlər yalnız rəsmi dövlət strukturlarını deyil, o cümlədən digər təşkilatları da əhatə etməlidir. Nəzərə alsaq ki, biz informasiya əsrində yaşayırıq, buna görə də Yaponiyanın JİJİ PRESS agentliyi ilə AZƏRTAC arasında əməkdaşlığın formalaşmasını günün aktual məsələsi hesab etmək olar”.
AZƏRTAC-ın beynəlxalq media strukturlarda kifayət qədər fəallıq göstərdiyini qeyd edən Əli Həsənov bu qurumlar çərçivəsində hər iki agentliyin bir-birini dəstəkləyəcəyinə əminliyini bildirib, Azərbaycan dövlətinin bu əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Sadafumi Tani qeyd edib ki, JİJİ PRESS ilə AZƏRTAC arasında imzalanan müqavilə Azərbaycanla Yaponiya arasında əlaqələrin möhkəmlənməsinə, yapon xalqının Azərbaycan haqqında daha geniş məlumat almasına xidmət edəcək. O, Bakının bir sıra yerlərini ziyarət etdiyini və burada güclü inkişaf prosesinin getdiyini vurğulayıb.
İcraçı direktor Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlı olduğunu deyib. “İmzalanan müqavilə sayəsində AZƏRTAC-ın informasiyaları vasitəsilə Yaponiya ictimaiyyətini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri barədə məlumatlandırmaq mümkün olacaq. Eyni zamanda, biz Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatına dair məlumatları da yayacağıq”, - deyə S.Tani qeyd edib.
Yaponiya-Azərbaycan əlaqələrinin daim inkişaf etdiyini deyən səfir Tsuquo Takahaşi iki agentlik arasında qurulan əməkdaşlığın cəmiyyətlərimizin bir-birini daha yaxından tanımasında böyük rol oynayacağını söyləyib. Diplomat səmimi qəbula görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlığını ifadə edib.