YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərkosmos” ASC ilk Avropa Oyunlarının rəsmi peyk xidmətlərinin təchizatçısı olub

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC-ni “Bakı-2015”in rəsmi dəstəkçisi elan edib.
“Bakı-2015”in rəsmi peyk xidmətləri təchizatçısı olan “Azərkosmos” ilk Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisidir. Şirkət tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyaları Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan və rəğbətlə qarşılanan şirkətdir. Bu əməkdaşlıq Avropa Oyunlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev isə bildirib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir. Biz bu mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. “Azərkosmos” ən son texnologiyalardan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və “Bakı-2015”ə hazırlıq prosesində öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və birlikdə qalib komanda formalaşdıracağıq”.
“Azərkosmos” ASC “Azərsun Holding”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, NAZ, “Nestle”, “Red Bull”, “Sitecore” və “Tickethour”dan sonra “Bakı-2015” Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi olub.