YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri bölgədəki mövcud vəziyyət və gələcək sülh sazişinin imzalanması məsələlərini müzakirə ediblər

İyunun 24-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş olub.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlərin arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.

Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində azərbaycanlı həmkarı ilə 4 görüş keçirdiyini bildirən S.Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. O, bu il qeyd olunan 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığını və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.

Tərəflər ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad edilmiş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin prosesdə iştirak marağı yüksək qiymətləndirilib.

Görüş zamanı tərəflər bölgədə mövcud cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.