YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir, ağıllı yaşayış məntəqələri Qarabağ və Şərqi Zəngəzurda planlanan quruculuq işlərinin əsas parçasıdır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 30 il ötür. Ölkəmiz bu 30 il ərzində BMT-də üzv dövlət kimi yüksək fəaliyyət göstərmişdir. Hər zaman beynəlxalq təşkilatların proqram və layihələrində layiqincə iştirak edən Azərbaycan, indi də BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramına qoşulub və 2030-cu ilə qədər bu məqsədlərə nail olmaq üçün böyük səy göstərir.

Aclığın, yoxsulluğun aradan qaldırılmasını, yaşıl enerjidən istifadənin genişləndirilməsini, “təmiz şəhər”lərin sayının artırılmasını, gender bərabərsizliyinin aradan qaldırılmasını və digər hədəfləri özündə birləşdirən bu proqram hal-hazrıda bütün dünyanın gündəliyində duran  əsas məsələlərdən biridir.

Bu məqsədlərdən biri şəhərlərin daha təmiz və müasir olmasını təmin etməkdir. Azərbaycan bu hədəfə nail olmaq üçün öz istiqamətlərini müəyyənləşdirib. Bakının və digər şəhərlərimizin tarixi ənənələrini qoruyub saxlamaqla şəhərlərimizin infrastrukturunun təkmilləşdirilməsi qarşıya qoyulan əsas planlardandır.

II Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri görülür. Alternativ enerji mənbələrindən istifadə, Günəş və Külək Elektrik Stansiyalarının bu ərazilərdə qurulması xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz buna nail olmaqla enerji sektorunda böyük nailiyyətlər əldə edəcəkdir.

Böyük Qayıdış prosesində və yenidənqurma işlərində qarşıya çıxan ən böyük əngəllərdən biri də minalanmış ərazilərin çoxluğudur. Ermənistan minaların tam və düzgün xəritəsini Azərbaycana təqdim edərsə, ikitərəfli sülh müqaviləsi imzalanarsa işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesi sürətlənəcək, bölgə sülh və əməkdaşlıq regionuna çevriləcək.

Müasir, ağıllı yaşayış məntəqələri Qarabağ və Şərqi Zəngəzurda planlanan quruculuq işlərinin əsas parçasıdır. Artıq Zəngilan rayonunun Ağalı kəndində bu layihə reallaşıb, “yaşıl enerji”, “sıfır tullantı” salınan Ağalı kəndinin əsas simvollarından birinə çevrilib. Gələcəkdə belə kəndlərin və şəhərlərin sayı ölkəmizdə daha da artacaq,  yeni dayanıqlı şəhər və kəndlər inşa ediləcək.