YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dostluq, sabitlik, əməkdaşlıq və inkişaf dənizidir

“Azərbaycan hər zaman Xəzər dənizinin dostluq, sabitlik, əməkdaşlıq və inkişaf platforması olaraq görüb. Odur ki, Xəzər dənizi ilə bağlı Azərbaycanın mövqeyi həmişə konstruktiv olub. Eyni zamanda, rəsmi Bakı Xəzər dənizinin istənilən probleminin birgə həllinə tərəfdar çıxıb. Elə İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı da bu mənada istisna təşkil etməyib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir: “Uzun müddət ərzində aparılmış işlərin nəticəsi olaraq imzalanmış Aktau Konvensiyası Xəzərin hüquqi statusunu müəyyən edib. Bununla yanaşı, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb, qüvvəyə minib. Bütün bunlar bir daha onu göstərir ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin bağlanması, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olması, həmçinin onların BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrində olması Xəzər dənizində sabitliyin və təhlükəsizliyin əsasını təşkil edən mühüm faktorlardır, eləcə də Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdir. Lakin o da bəllidir ki, sözügedən qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir”.

“Xəzər dənizinin strateji əhəmiyyəti onun region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olması ilə əlaqəlidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hazırda sahilyanı dövlətlərin əsas prioritetləri qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, kommunikasiyaların qurulması, ekoloji təmiz texnologiyaların cəlb edilməsidir: “Əlbəttə ki, geosiyasi və geoiqtisadi, ekoloji proseslər bir daha Xəzər dənizi hövzəsində yerləşən ölkələrin daha sıx və səmərəli əməkdaşlığını tələb edir. Xüsusilə də, Şərqi Avropakı hərbi əməliyyatlar və ritorikalar, Cənubi Qafqazda 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Avropanın enerji təhlükəsizliyi problemi, hətta Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi Xəzər dənizinə diqqəti daha da artırır. Bu mənada, Xəzər dənizi dövlətlərinin qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində münasibətləri Avrasiya geostrateji məkanı üçün əhəmiyyətli və səmərəli ola bilər”.