YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu ermənilərin illərdir yaratdığı mifləri dağıtdı

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri 

“Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!” Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 İyun- Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində böyük əminliklə səsləndirdiyi bu bəyanat keçilən yolun və qarşıda dayanan hədəflərin aydın mənzərəsini yaradır.

Azərbaycanın uğurlarının zirvəsində dayanan möhtəşəm Zəfərimiz göstərdi ki, hədəfə çatmaq üçün daim irəli baxmaq gərəkdir. Ölkəmiz iqtisadi və siyasi mövqeyini gücləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün  tədbirlər həyata keçirildi. Möhtərəm Prezidentimiz daim bu məqamı diqqətə çatdırır ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Bu sənədə əsasən Kəlbəcər, Ağdam və Laçın qrafik əsasında Azərbaycana qaytarıldı. Bir güllə belə atmadan işğaldan azad edilən Kəlbəcər, Ağdam, Laçın həyatının yeni mərhələsini- bərpa-quruculuq dövrünü yaşayır. Azərbaycan postmünaqişə dövrünün reallıqlarının dünya güclərinə qəbul etdirmək istiqamətində səylər göstərir və uğurlu nəticələr göz önündədir. Hazırda dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsini dəstəkləyir, bu istiqamətdə köməklik etməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqının vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Qurum Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərini artırır. Təbii ki, neytral xarakter daşıyan bu vasitəçilik hər iki tərəfin maraqlarına uyğundur. 30 ilə yaxın münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  fəaliyyətsizliyini yada salmaq kifayətdir. Dövlət başçısı İlham Əliyev qeyd edilən nitqində də bu məqamı xüsusi qeyd etmişdir ki, baxmayaraq ki, haqq-ədalət Azərbaycanın tərəfində idi, Ermənistanın torpaqlarımızdan çıxması üçün  heç kim  addım atmadı. Azərbaycan xalqı bütün qüvvəsini səfərbər edərək  bu missiyanı yerinə yetirdi.  

Ermənilərin Kəlbəcəri hansı vəhşiliklə boşaltmaları da dünyanın gözü qarşısında baş verdi. Amma yenə də seyrçi mövqedə dayanmağa üstünlük verildi. Ermənilər Kəlbəcəri 2020-ci il 15 noyabr tarixində boşaltmalı idilər. Lakin vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vaitəçiliyi ilə  Azərbaycandan əlavə 10 gün istədilər. Kəlbəcər noyabrın 25-də boşaldıldı. Amma necə? Apardıqlarını apardılar, apara bilmədiklərini yandırdılar. Ekolji terror törətdilər. Ağaclar yandırıldı. Azərbaycanın göstərdiyi humanistliyin qarşlığında belə vəhşiliklər törətməklə əsl simalarını ortaya qoydular. Azərbaycan bu illər ərzində necə bir vəhşi ilə üz-üzə dayandığını dünyaya göstərdi.

Digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Kəlbəcər də erməni vəhşiliyinin şahididir. Bütün bu dağıntılara, 30 ilə yaxın dövrdə yaşadığımız faciələrə, hərbi cinyətlərə baxmayaraq torpaqlarımıza qovuşduğumuz üçün qürurluyuq. Azərbaycanın qısa müddətdə bu ərazilərdə apardığı bərpa-quruculuq işlərini, qurub-yaradan xalq olduğumuzu bir daha nümayiş etdirir.  Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Qarabağ və Şərqi Zəngəzur bərpa edilir.

Təkcə dövlət başçısının son Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin xronologiyasına diqqət yetirməklə bütün işğaldan azad edilmiş torpaqlarda görülən işlərin ümumi mənzərəsini yaratmaq olar.  Artıq bütün ərazilərdə yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə bu muzeylər inşa ediləcək. İnfrastruktur yenilənir, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir, mədəniyyət obyektləri, tarixi və dini abidələrimiz bərpa edilir. Arxada qalan hər gün Böyük Qayıdışı yaxınlaşdırır. Tezliklə soydaşlarımızın bu qayıdışının sevincini yaşayacağıq.

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda yaşadığı bugünkü sevincli və qürurlu günlər fonunda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan edir ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz.  Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə, xalq-iqtidar birliyi, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir.