YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüqar İbrahimovun anım mərasimi keçirilib

Oğuz rayonununda I Qarabağ müharibəsində şəhid olmuş Vüqar İbrahimovun anım mərasimi keçirilib. Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşkilatın əməkdaşları, idarə və təşkilatların, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İbrahimov Vüqar Rauf oğlu Oğuz rayon Xaçmaz kəndinin birinci Qarabağ savaşında ilk şəhididir. Vüqar İbrahimov 10 may 1973-cü ildə Xaçmaz kəndində doğulub. Xaçmaz kənd orta məktəbini bitirib. Sovet Ordusu sıralarında Ukraynada xidmət edib.

Vüqar İbrahimov 1992-ci ilin aprelin 14-də Azərbaycanda Milli Orduya xidmətə gedib. O, Ağdamın Abdal Gülablı, Dəhra, Qaraqaya kəndləri uğrundakı döyüşlərdə döyüşüb, düşmənə ağır zərbələr endirib. Ağdərə uğrunda gedən döyüşlərin birində ayağından yaralanıb. Döyüşçü dostları onu hospitala göndərmək istəsələr də, lakin o bundan imtina edib, döyüşü davam etdirib.

Ağdam rayonunun Papravənd kəndi uğrundakı döyüşlərdə mərmisi bitən Vüqar İbrahimov düşmənlə əlbəyaxa döyüşə atılır. O, 1992-ci ilin iyun ayının 28-də şəhidlik zirvəsinə yüksəlib.

30 iyun 1992-ci ildə Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin adı əbədiləşdirilərək, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbə verilib.