YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun ad günü qeyd olunub

Zərdab rayonunda Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun ad günü qeyd olunub.

Anım mərasimində Rayon icra hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev, İcra başçısının müavini Xəyalə Veyisova, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, İcra Aparatının məsul işçiləri, SHXÇDX-nin Zərdab şöbəsinin rəisi Ramil Əhmədov, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirələrini əbədiləşdirən abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhlarına dualar oxunub.

Daha sonra mərasim iştirakçıları şəhidin evində olaraq ailəsinə başsağlığı veriblər. Şəhidin atası oğlunun ad günündə onlara göstərilən diqqət və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və ailəsi adından təşəkkür edib.

Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,  2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində,  2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. O, ingilis, rus, erməni dillərini mükəmməl bilirdi.

Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.

2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.

Xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır.

Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid mayorumuz II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən R.Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.