YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan işğaldan azad etdiyi ərazilərini ən müasir konsepsiyalar əsasında tamamilə yenidən qurur

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

Azərbaycan 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu il həmin əlamətdar tarixdən artıq 30 il keçir. Ölkə Prezidenti cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun Polşada keçirilən “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında iyunun 27-də videformatda etdiyi çıxışında bu məqama toxunaraq xatırlatdı ki, bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş beynəlxalq tədbir keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və bu zəmində ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq aləmdə ölkəmizin mövqelərini daha da gücləndirmiş, nüfuzunu artırmış və dünya dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. O cümlədən mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən mötəbər tədbir də artıq bütün dünyada Cənubi Qafqazda yaranmış yeni reallıqların birmənalı olaraq qəbul edildiyinin daha bir sübutu oldu. Tədbir iştirakçıları tərəfindən Azərbaycanın əldə etdiyi uğurlar, eləcə də azad olunmuş ərazilərin yenidən qurulması və oraya həyatın qaytarılması ətrafında müzakirələrin aparmılması da ölkəmizə olan marağın getdikcə artdığını göstərdi.

Sessiyadakı çıxışında dövlətimizin başçısı həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra dayanıqlı şəhər inkişafı konsepsiyasının ölkəmiz üçün daha böyük dəyər kəsb etdiyini vurğuladı. Həqiqətən də bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda sadəcə şəhər və kəndlərini bərpa etmir. Faktiki olaraq bu yaşayış məntəqələri tamamilə yenidən salınır. Çünki 30 illik işğal dövründə erməni qəsbkarları həmin torpaqlarda bir dənə də olsun salamat bina, ev və ya hər hansı infrastruktur elementi qoymayıblar. Əbəs yerə deyil ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə azad olunmuş ərazilərə səfər edən xarici mütəxəssislər gördükləri mənzərədən dəhşətə gələrək Ağdamı “Qafqazın Hiroşiması” adlandırmışlar. İşğal altında olan ərazilərdə misli görünməmiş vandallıqlar törədən erməni faşistləri 30 il ərzində şəhər və kəndlərimizi dağıtmış, bütün tarixi, mədəni-dini abidələrimizi talan etmişlər. Bu səbəbdən də Azərbaycan indi işğaldan azad etdiyi ərazilərini tamamilə yenidən qurur. Həm də bu işlər ən müasir konsepsiyalar əsasında, ən son texnologiyaların tətbiqi ilə həyata keçirilir. O cümlədən “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını geniş tətbiq edən Azərbaycan hal-hazırda müasir şəhər planlaşdırılması sahəsində son dərəcə qiymətli təcrübə əldə edir. Bir vaxtlar erməni işğalı səbəbilə doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkün vətəndaşlarımızın 30 illik həsrətinə artıq son qoyulub. Artıq “Böyük qayıdış”ın ilk pilot mərhələsi bu ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb.

Lakin təəssüflər olsun ki, Ermənistan hökuməti hələ də məlum olmayan məqsədlər naminə Azərbaycanın öz torpaqlarında apardığı quruculuq işlərini ləngitməyə çalışır. Məhz bu səbəbdən minalanmış ərazilərin xəritələri indiyədək Azərbaycana təhvil verilməyib. Əlbəttə ki, bu hal yenidənqurma işlərinin daha sürətlə aparılmasını müəyyən qədər əngəlləyir. Digər tərəfdən isə, Vətən müharibəsi başa çatdıqdan sonra keçən müddət ərzində mina partlaması nəticəsində 220-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb ki, bu da artıq Ermənistanın hərbi cinayətlərinin davam etməsinin birbaşa sübutudur. Azərbaycan isə, bütün bunlara rəğmən yenə də təkcə özünün deyil, bütün regionun ümumi maraqlarını düşünərək Ermənistana sülh çağırışlarını davam etdirir. Çünki yalnız imzalanmış sülh müqaviləsi Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər. Buna görə də Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Məhz bu məqsədlə Azərbaycan sülh danışıqlarına başlamaq üçün beynəlxalq hüquq normalarına cavab verən 5 əsas prinsip üzərində formalaşmış təklif irəli sürüb. Öz növbəsində Ermənistan da bu prinsipləri qəbul edib. Amma artıq növbəti praktiki addımlar atmağın vaxtı olsa da, rəsmi İrəvan hələ də qərarsızlıq nümayiş etdirir. Əlbəttə ki, bu vəziyyət uzun müddət davam edə bilməz və əgər Ermənistan indi ona təklif olunan imkanlardan yararlanmaq üçün səylərini artırmasa, Azərbaycan tərəfindən edilən təkliflərin daima qüvvədə qalacağına da heç kim zəmanət verə bilməz.