YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Ölkəmizdə təhlükəsiz, dayanıqlı şəhər və kəndlərin inşası regiona yeni ab-hava gətirəcək

BMT-nin təşəbbüsü ilə yaradılan və hər iki ildənbir keçirilən Ümumdünya Şəhər Forumunun əsas məqsədi dünya şəhərlərinin insanlar üçün daha rahat olmasını təmin etməkdir. Cari ilin 27 iyun tarixində Polşanın Katovitse şəhərində reallaşan Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında da ədalətli şəhərlər, şəhərlərin yaşıl aqibəti, innovasiyalar və texnologiyalar, şəhərlərin dayanıqlığının artırılması, planlaşdırılması müzakirə edildi.

Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Ramil Orucov qeyd edib ki, Dünya Şəhər Forumunda dünyada xarabazarlıqlara çevrilən şəhərlərin, yaşayış məntəqələrinin taleyi diqqət mərkəzində olub. Eyni zamanda düşmən işğaldan azad edilmiş bütün ərazilərimizin erməni vandallığının qurbanı olduğu, şəhər və kəndlərimizin viran qaldığı, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyi müzakirə mövzusu olub. Ölkə Prezidentimiz cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı deyib: “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”.

Ramil Orucov diqqətə çatdırıb ki, erməni faşizminin canlı şahidi dağıdılmış şəhər və kəndlərimiz, bayrağımızı sancmağa bir dənə də olsun salamat tikilinin qalmadığı torpaqlarda indi genişmiqyaslı quruculuq işləri, dünyanı heyrətə salan layihələr reallaşdırılır. Qəddar işğala, ağlasığmaz dağıntılara və vəhşiliklərə məruz qalmış yurd yerləri insanların rahatlığı üçün ən gözəl görkəmdə müasir dünya təcrübəsindən faydalanaraq yenidən bərpa edilir. Ölkə Ptezidentinin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərin bərpasına beynəlxalq şirkətləri cəlb edilib, ciddi resurslar istiqamətləndirilib.

Onu qeyd etmək yerinə düşər ki, ölkəmizin böyük bir hissəsi işğal altında olanda belə paytaxt Bakı tarixi simasını qorumaqla müasirləşdi, dünyanın ən məşhur və ən gözəl şəhərlərindən birinə çevirildi. Bu gün dünyanın hər yerindən Bakıya gəlmək istəyən, bu şəhəri bütün varlığı ilə sevən milyonlarla insan var. Göründüyü kimi ölkəmizdə şəhərsalma prosesləri paytaxtdan tutmuş bölgələrədək eyni səviyyədə gedir. Soydaşlarımız böyük coşqu və ruh yüksəkliyi ilə işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, "ağıllı" şəhər, kənd və kənd təsərrüfatı layihələri qurur, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarını tətbiq edirlər.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

“Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən ən birincisi 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmalarının təmin edilməsidir. Artıq otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş bu totpaqlardan silinir, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Əlbəttə, işğaldan azad edilmiş torpaqların bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının, əməkdaşlığın daha da güclənməsinə təkan verəcək”- deyə Ramil Orucov qeyd edib.