YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının və Senatının sədrləri ilə görüşüb

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri qonaqları salamlayaraq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında İordaniyanın iştirakının və konfrans çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin konfransın açılışında söylədiyi nitqin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin dünyada baş verən proseslərdə Qoşulmama Hərəkatının rolu, bir çox aktual məsələlər barədə səsləndirdiyi fikirlər təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova qonaqlara Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, işğaldan azad olunan ərazilərimizdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın sülhün və sabitliyin tərəfdarı olduğunu vurğulayıb və tezliklə Ermənistanla sülh müqaviləsi imzalanacağına inamını ifadə edib.

Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin xüsusi rolu var. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Qonaqlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştiraklarından məmnunluqlarını bildiriblər, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyiblər.

Sədrlər Azərbaycanın Qoşulmama Hərəkatında əhəmiyyətli rolunu vurğulayıblar. Onlar ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün və Bakı konfransı çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıblar.

Qonaqlar İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd ediblər, dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıblar.

Söhbətdə tərəflər regional münaqişələrin törətdikləri fəsadların aradan qaldırılması, qaçqın və miqrasiya problemlərinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini bölüşüblər.