YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhid mayor Toğrul Bərxudarovun doğum günü qeyd edilib

Müdafiə Nazirliyinin təşkilatçılığı və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax rayonunda Vətən müharibəsi şəhidi mayor Toğrul Bərxudarovun doğum günü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiram hissi ilə anıblar. Şəhidin şərəfli döyüş və həyat yolundan söhbət açarkən qeyd edilib ki, Toğrul Bərxudarov 1987-ci ilin iyunun 30-da Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. Azərbaycan Ordusunun zabiti olan mayor Toğrul Bərxudarov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmiş, taqım komandiri, bölük komandiri və sonra  motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifələrində xidmət etmişdir. Bütün amalı Vətənin azadlığı olan mayor Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Çıxış edənlər YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  müdiri Xaliq Əliyev qeyd etdilər ki, gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsinin mənzərəsini obyektiv, müfəssəl öyrənməli və düzgün nəticə çıxarmalıdır. Bu tarixin yazılmasında Ali Baş Komandan başda olmaqla “Dəmir yumruq” əməliyyatının iştirakçıları olan Azərbaycan Ordusunun rəşadətləri və xatirələri xüsusi önəm daşıyır.

Daha sonra B.Səfəroğlu xalq teatr binasında Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətinə həmişə sadiqdir və Ulu öndərlə başlanan Zəfər yolunu inamla, qətiyyətlə, “Dəmir Yumruq” gücü ilə qət etməklə və peşəkarlıqla rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində ən böyük Qələbənin, böyük Zəfərin sevincini xalqımıza yaşatdı.

Abdulla Qurbani müəllifi olduğu “Böyük Gələcəyə Baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitablarla bağlı məlumat verib. Bildirib ki, kitablarda Ulu Öndərin  Ordu quruculuğu sahəsindəki müdrik siyasəti və həmin siyasəti uğurla davam etdirən Prezident, ali rəhbərimiz cənab İlham Əliyevin peşəkar fəaliyyəti,həmçinin Azərbaycan Ordusunda xidmət etmiş qəhrəman oğulların Vətənə sədaqətli xidmətlərinə həsr olunan qısa, lakin şərəfli həyat və döyüş yolları işıqlandırılır.

Tədbir çərçivəsində mədəniyyət nümayəndələrinin, məktəblilərin  təqdimatında vətənpərəvərlik mövzusunda musiqi nömrələri səsləndirilib, bədii-kompozisya nümayiş etdirilib.

Daha sonra ölkəmizin ayrı-ayrı bölgələrində olduğu kimi müəllif Abdulla Qurbani Yevlaxda da şəhid ailələrinə kitablar təqdim edib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” xatirə kitabının bu əlamətdar gündə şəhid ailələrinə təqdim olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Bunu bizə Ulu Öndərimiz öyrədib, Müzəffər Ali Baş Komandanımız öz əməli fəaliyyəti ilə göstərib.

Sonda şəhid ailəsinin nümayəndələri Qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunmuş bu kitabı dəyərli hədiyyə kimi qəbul edib, göstərilən diqqət və ehtirama görə Müzəffər Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv