YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İbrahim Bouğali: Parlament Şəbəkəsinin Bakı konfransı aktual məsələlərin müzakirəsi baxımından çox vacibdir

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova qonağı salamlayaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında müzakirə olunan məsələlərdən danışıb. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Madriddə təsis olunmuş Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilib. Müasir dünyada parlament diplomatiyasının rolunun günü-gündən artdığı bir vaxtda bu mövzu çox aktualdır.

Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransındakı çıxışı və Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə rolu barədə dəyərli fikirləri mühüm önəm daşıyır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu cür tədbirlər Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Söhbət zamanı Sahibə Qafarova Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransına dəvətə görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Bakı konfransındakı çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib.

İbrahim Bouğali Bakı konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib. Qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı konfransı xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin bir araya gəlməsi və aktual məsələləri müzakirə etməsi baxımından çox vacibdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.