YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri    

Azərbaycan tarixində dahi rəhbər kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ulu öndərin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də  Qarabağda milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Azərbaycan torpaqları işğal edilsə də, ulu öndər Heydər Əliyev siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai-siyasi sabitliyi bərpa edirdi.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Ancaq bu gün hər kəs Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb. Təbii ki, iqtisadi potensial olmasaydı bu proses çox çətin olardı. Özəl sektorun quruculuq prosesinə cəlb edilməsi də bu işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır.
Qarabağın bərpası dövlətimizin başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı ilə müəyyənləşdirilən əsas hədəflər sırasında xüsusi yer alıb. Prezident  İlham Əliyev azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri kəndbəkənd gəzərək həm xalqımız, həm də dünya ictimaiyyətinə mühüm mesajları verir. Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə bağlı böyük vəzifələr durur. Cənab Prezident bu işlərin də istiqamətlərini və həcmini vətəndaşlarımızn diqqətinə çatdırıb və Azərbaycan vətəndaşlarına geniş məlumat verib.

İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. Vətən  müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər. Ermənistan hal-hazırda növbəti bir ağrılı proses yaşayır. Təsadüfi deyil ki,tarixi qələbəmizdən sonra Ermənistanı bürüyən dərin sosial-iqtisadi böhran səbəbindən ölkəni tərk edənlərin sayı son bir ildə daha böyük miqyas alıb. Bu ölkədə onsuz da böhran vəziyyətində olan demoqrafik şərait daha da kəskinləşib. Vətəndaş cəmiyyətinin təmsilçiləri həyəcan təbili çalırlar və vəziyyət o həddə çatıb ki, orduya çağırışda problemlər artıq özünü daha ciddi göstərir. Onlar üçün sülhdən başqa çıxış yolu yoxdur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 4 ildə qazanılan nailiyyət və uğurlar bu gün Azərbaycan xalqının, xüsusi ilə Azərbaycan gəncliyinin üzərinə yeni vəzifələr qoyur. Bu baxımdan biz növbəti dövrlərdə həmrəyliyimizi, xalq-iqtidar birliyini, güclü iradəmizi qorumalıyıq. Belə olsa, ölkəmiz daha çox güclənər. Artıq Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilib, ölkəmiz diktə olunan yox, diktə edən dövlətdir.