YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi böyük qələbəmizi şərtləndirən amillərdən biridir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

26 iyun Azərbaycanın Silahlı Qüvvələr Gününü 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının komandanlığı ilə 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızı erməni vandallarından azad etmiş Silahlı Qüvvələrimiz bütün Azərbaycan xalqı ilə bir vəhdətdə bayram etdi. Bu bayram artıq bütün dünyaya Azərbaycanda yaranmış Xalq-Ordu birliyini və bu birliyin ölkə başçımızın ətrafında dəmir yumruğa çevrildiyini bir daha gözllər önünə sərdi.

Bu bayramı Müzəffər Ali Baş Komandanımızın silahlı qüvvələrimiz ilə birgə azad olunmuş Kəlbəcərdə qeyd etməsi, həmçinin Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılması bayramı-bayrama qatdı. Hadrutda altı ay bundan əvvəl yaradılmış komando qüvvələrindən sonra yaradılmış növbəti komando birliyi respublikamızda ordu quruculuğu prosesinin sürətlə getdiyini, silahlı birləşmələrimizə ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək, sərhədlərimizi qorumaq üçün bütün imkanların yaradıldığını təsdiq edir.

Bu gün qalib xalq olaraq güvənc yerimiz, qürur yerimiz olan müzəffər ordumuzun bayramını qeyd edərkən xatırlatmaq yerinə düşər ki, möhtərəm prezidentimiz hər zaman öz torpaqlarımıza qayıdacağımız günün gələcəyini söyləyirdi. Bəli, möhtərəm prezidentimizin sözləri yerinə yetirildi. Öz xoşu ilə torpaqlarımızdan çıxmayan erməni vandallarını hərbi yolla doğma diyarlarımızdan rədd edən, heç bir zaman işğalla razılaşmayan Azərbaycan ordusu tarixi missiyasını yerinə yetirdi. İşğalçı ordu darmadağın edildi. Artıq babalarımızın ruhu dolaşan, Şəhidlərimizin canı-qanı bahasına azad etdiyimiz doğma Qarabağımızın məlhəm kimi şəfalı havasını mənfur ermənilər uda bilmirlər, Xarıbülbülümüz Qarabağın əsil sahiblərinin doğma nəfəslərini duyub daha şövqlə açır.

Azərbaycan ordusunun haqq-ədaləti öz gücünə bərpa etməsi bir daha göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatların fəaliyyəti faktiki olaraq formal xarakter daşıyır. Ona görə biz siyasi və hərbi güc toplamalı, iqtisadi müstəqilliyimizi əldə etməliydik. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi də böyük qələbəmizi şərtləndirən amillərdən biri idi. Müstəqillik dövründə bu ruhda tərbiyə olunmuş vətənpərvər Azərbaycan gəncləri öz canlarını fəda edərək, ölümə getməklə bütün dünyaya göstərdilər ki, bizi Zəfərə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında cəmi 44 gün ərzində Ermənistan ordusunu diz çökməyə məcbur edən Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olan azadlığımız tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında yerinə yetirilməsi vacib olan müqəddəs missiyamız idi. Bu missiyanı yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin apardığı şanlı müharibə, dünyanın ən tanınmış hərbi ekspertlərinin də etiraf etdiyi kimi, müxtəlif ölkələrin hərbi dərsliklərində öyrənilir.

Erməni rəsmilərinin etirafına görə, on min fərarisi olan Ermənistan ordusunu cəmi 44 gün ərzində məhv edən, bir nəfər belə hərb meydanından qaçmayan ordumuzun Vətənə olan bağlılığı sayəsində Qarabağın tacı olan Şuşada bu gün Şanlı bayrağımız dalğalanır, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib. Bütün sərhədlərimiz boyunca yaradılmış hərbi hissələr gündən-günə daha da güclənir, daha müasir silahlarla təchiz edilir. Bunun sayəsində sərhəd boyunca bütün əlverişli mövqelərə sahib oluruq və əbədilik bu yerlərdə yerləşirik. Kəlbəcərdə açılmış ikinci komando hərbi hissəsində minlərlə azərbaycanlı xidmət edəcək. Növbəti belə komando hərbi hissələrinin yaradılması nəzərdə tutulur ki, bu Azərbaycanın hərbi gücünü daha da artıracaq.

Əlbəttə, Vətən müharibəsində ordularını məğlubedilməz hesab edən, bu barədə şayiələr yayan Ermənistan üçün məğlubiyyət dərs olmalıdır. Xüsusilə, baş qaldıran revanşist qüvvələr yaxşı bilməlidirlər ki, biz müharibə istəmirik və heç bir zaman da istəməmişik. Lakin biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Çünki Azərbaycan güclü dövlətdir və azərbaycanın uğrunda ölməyə hazır olan əsgər və zabitlərinin xidmət etdiyi güclü ordusu var.