YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatı dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin roluna xüsusi önəm verir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqətdə olur. İyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı bir daha ölkəmizin qarşıdakı dövr üçün hədəflərinə, qurumun gələcək inkişafı ilə bağlı üzv dövlətlərin qarşısında dayanan vəzifələrə  işıq saldı.

Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur. Dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, bu fonda inkişafın davamlılığının prioritetliyini nəzərə alsaq Qoşulmama Hərəkətının sıralarında birləşdirdiyi 120 üzv ölkənin  hər birinin bu hədəfə hansı töhfəni verə biləcəyi geniş müzakirə olunan məsələlər sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməyə, vahid mövqedən çıxış etməyə çağırış etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı  ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin  maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.

Azərbaycanın quruma sədrliyi dövründə həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək bu prosesin aydın ifadəsini görə bilərik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü  keçirildi və Azərbaycan 2019-2022-ci illər üçün   sədrliyi öz üzərinə götürdü. Diqqət yetirsək görərik ki,  bu illər dünyada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin Azərbaycanın  44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı və tarixi Zəfərə imza ataraq onun yaratdığı  reallıqları qəbul etdirmək istiqamətində addımlar atdığı dövr kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizənin qlobal problem olduğunu önə çəkərək ona qarşı birgə mübarizənin vacibliyini bəyan etdi. Türk Şurasının ardınca Qoşulmama Hərəkatının  Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və  bunun  reallığa çevrilməsinə nail oldu. Həmçinin bü müddətdə  quruma üzv dövlətlərin dəstəyi əsasında qəbul edilən qərara əsasən BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan daim regionda və dünyada  hədəflərə  nail olmaq üçün səylərin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Hətta bir-birinə əks qütblərin bir araya gəlməsinə nail olub. Bu, ölkəmizin beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınmasından irəli gəlir. O da məlumdur ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə etmişdir ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Azərbaycanın ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin  120 üzv  ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Təbii ki, bu, ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzunun göstəricisidir. Hər zaman ədalətə, beynəlxalq hüquqa önəm verən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu prinsiplərin tətbiqi istiqamətində biri-birindən  mühüm addımlar atdı. Cənab İlham Əliyev nitqində bu mühüm  reallığı da diqqətə çatdırdı ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə,  bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsi  və postmünaqişə dövründə də  Azərbaycana dəstəyinə  işıq saldı. Ölkəmizə qarşı əks-təbliğat kampaniyalarının cavablandırılmasında qurum öz fəallığını nümayiş etdirdi.

Qısa təhlil əsasında bu qənaəti qeyd edə bilərik ki, əgər hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər  maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Həmçinin beynəlxalq qurumların fəaliyyətlərində öndə saxladıqları prinsiplər sadəcə kağız üzərində qalmaq üçün qəbul olunduqda problemlər baş qaldırır. Qoşulmama Hərəkatı yarandığı vaxtdan ədalətin, beynəlxalq hüququn yanındadır.