YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Nəsimi rayon təşkilatının 29 illik fəaliyyətinin bir hissəsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov partiyanın ölkəmizin siyasi-ictimai həyatındakı mühüm rolundan danışıb. YAP Nəsimi rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərə töhfə verdiyini vurğulayan A.Süleymanov deyib: “Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da Azərbaycan Tibb Universitetinin akt zalında 240 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 100 ərazi ilk partiya təşkilatında cəmiyyətin müxtəlif təbəqələrindən 31 minə qədər üzv birləşib”. A.Süleymanov qeyd edib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin və Sədrin birinci müavini, vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Nəsim Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət göstərmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev YAP-ın yaranma tarixindən danışıb. Bildirib ki, “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında müxalifət partiyası kimi yaradılan YAP qısa müddətdə cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. Asif İmaməliyev onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilib.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edərək, YAP-ın Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yarandığını diqqətə çatdırıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədəki böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın ən güclü partiyası - Yeni Azərbaycan Partiyası yarandı”.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Qeyd edib ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.

Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə diplomlar təqdim olunub.