YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi dünyaya nümunədir

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

İki dost, qardaş, eyni zamanda, müttəfiq olan Azərbaycan və Türkiyə birliklərinin, həmrəyliklərinin sarsılmazlığını təsdiqləyən addımları ilə daim dünyanın diqqətindədirlər. Bu əlaqələrin dünəninə, bu gününə  baxış əsasında dövlət başçısı İlham Əliyev bildirir ki, bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.

Təkcə son iki ildə qardaşlığımızı nümayiş etdirən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində  Zəfər qazandıq.  Vətən müharibəsini həqiqət anı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirir ki, kimin haqqın, ədalətin, kimin də şərin yanında olduğunu gördük. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, şanlı Qələbəmizdən bəhs edərkən qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini  xüsusi vurğulamasın. Müharibənin başlandığı ilk gündən Türkiyə Prezidentinin dünyaya bəyan etdiyi “Azərbaycan tək deyil” mesajı  bizə böyük güc verdi. Bu mənəvi və siyasi dəstək sonadək davam etdi. Azərbaycanın möhtəşəm Qələbəsinin dünyaya təqdimatında mühüm rol oynayan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  dövlət başçısı İlham Əliyevlə çiyin-çiyinə dayanması bir daha bu birliyin nə qədər sarsılmaz olduğunu, hər zaman bir yerdə olacaqlarını dünyaya nümayiş etdirdi. Bu əminlik də ifadə edildi ki, iki qardaş ölkə birlikdə Qarabağı cənnətə çevirəcəklər.

Təbii ki, dostluğumuza, qardaşlığımıza işıq salan, hər birimizi qürurlandıran belə fikirləri xeyli sayda sadalaya bilərik. Reallıq budur ki, söylənilən hər bir fikir münasibətlərimizin dünəninə, bu gününə, həmçinin gələcəklə bağlı hədəflərimizə əsaslanır. Sevindirici haldır ki, türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın döyünən ürəyi Şuşa bu iki qardaş ölkənin müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd əlaqələrimizin bundan sonrakı inkişafının yol xəritəsidir.  Prezident İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimiz müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldi.

Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti əsasında gerçəkləşən layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Regional çərçivədə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamı olaraq çoxtərəfli əməkdaşlığa xidmət edən Cənub Qaz Dəhlizi reallığa çevrildi. Türkiyə rəsmiləri iki qardaş ölkəni  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədərək bildirirlər ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. Ümumiləşdirilmiş şəkildə desək, Türkiyə və Azərbaycan birlikdə XXI əsrin enerji tarixini yazır.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir.

Bu birlik, həmrəylik dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı da deyilənlərə bariz nümunədir. Açılış mərasimindən öncə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidentinin görüşü keçirildi. İki müttəfiq ölkənin bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıq əlaqələri, postmünaqişə dövründə görülən və görüləcək işlər geniş müzakirə edildi. Hər bir səfər, hər bir görüş, müzakirə olunan məsələlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafına böyük stimul verir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq”, Rəcəb Tayyib Ərdoğan  “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” söyləməklə bu qardaşlığın gələcək inkişafının aydın mənzərəsini təqdim edirlər.