YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Ermənistanın bu əməliyyatdan ciddi nəticə çıxarmalı olduğunu, yenidən belə təxribat törədildiyi halda Azərbaycanın reaksiyasının çox sərt olacağını, Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğuladı. 

Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı, növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü.

Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, Ermənistan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun vəbalı Ermənistan üçün çox ağır olacaq.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il Bəyanatənda yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.

Prezident İlham Əliyev müsahibəsində bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi. 

Prezident onu da xüsusi vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirmişdi. Qarabağdan və Şərqi Zəngəzurdan, o cümlədən Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Reallıq ondan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nə isə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər.

Prezidentin müsahibəsində digər mühüm məqam ondan ibarətdir ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir.

Bu, birmənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır.