YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı heç bir amil öz yolundan çəkindirə bilməz

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Dövlət başçısı həm rayonlarda görülən işlərlə, mövcud vəziyyətlə şəxsən tanış olur, eyni zamanda, əlavə göstərişlər verir, əhaliylə görüşür, onların qayğıları ilə maraqlanır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 12 avqust tarixində növbəti səfərini Ağsu və İsmayıllı rayonlarına edib. Səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən dövlət başçısı olduqca mühüm məqamlara toxunaraq önəmli mesajlar verib.

Prezident İlham Əliyev müsahibəsində hər iki rayonda böyük infrastruktur layihələrinin icra edildiyindən, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa- quruculuq işlərindən bəhs edib. Dövlət başçısı, həmçinin düşmənə ciddi xəbərdarlıq edərək qeyd edib ki, “Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri icra etməli, təxribatlardan əl çəkməlidir”. Əgər düşmən tərəfdən yenə də, təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərək sülh gündəliyinin mahiyyətini diqqətə çatdırdı və qeyd etdi ki, “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir”.

Danışıqlar masasında hər hansı bir statusdan söhbət getmədiyini vurğulayan dövlət başçısı bildirdi ki, söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizlikdən gedir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağda yaşayacaq olan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Dövlət başçısı açıq şəkildə bir daha bəyan etdi: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

Prezident İlham Əliyevin toxunduğu vacib məsələlərdən biri də Azərbaycanın hər zaman olduğu kimi səmimi, Ermənistanın isə fitnəkar münasibəti oldu. Burada söhbət sülh danışıqlarına yanaşmadan, Azərbaycanın öhdəliklərinə sadiqliyindən, Ermənistanın isə təxribatlarından gedir. Dövlət başçısı qeyd etdi ki, “Ermənistanın gələcəkdə mövcüd vəziyyətlə,yaranmış yeni reallıqlarla barışması labüddür. Çünkü başqa yolları yoxdur”.

Beləliklə, Azərbaycan əmin addımlarla irəliləyir, öz yolundadır və müəyyən olunmuş strateji hədəflərini həyata keçiririk. Prezident İlham Əliyevin sayəsində güclü, qüdrətli dövlətə çevrilmiş qalib Azərbaycanı heç kim, heç bir amil öz yolundan çəkindirə bilməz.