YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi – regionun rifah və inkişaf yolu - TƏHLİL / VİDEO

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə əlaqədar söylədiyi fikirlər yerli və beynəlxalq medianın gündəmindədir. Ekspertlər, strateji tədqiqat mərkəzləri diqqəti dəhlizin reallaşdırılmasının geosiyasi və geoiqtisadi əhəmiyyətinə yönəldiblər.

Bu da təbiidir. Çünki bəhs olunan nəqliyyat koridoru Asiyadan Avropaya doğru geniş və bütöv bir coğrafiyada - Avrasiyada bir çox dövlətlərin maraqlarına cavab verir. Yəni Zəngəzur dəhlizi layihəsi regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq amilidir. 

Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası və yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışıb. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Azərbaycanın gücü, üstün mövqeyi və təşəbbüsləri bu məsələnin diqqət mərkəzində olmasını şərtləndirib. Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqe bildirilməsi - razılıq əldə olunması da bu baxımdan xüsusi qeyd edilməlidir.

Zəngəzur dəhlizi layihəsinin gerçəkləşdirilməsi ilə:

-  birincisi, regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək;

- ikincisi, Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyi möhkəmlənəcək, tranzit imkanları genişlənəcək;

- üçüncüsü, Azərbaycan və tərəfdaş ölkələr, işbirliyində maraqlı olan bütün qüvvələr mühüm siyasi-iqtisadi mənfəət qazanacaq;

- Dördüncüsü, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Xüsusilə də, Türk dünyasının birbaşa coğrafi bağlantısı uzun illərdən sonra bu geoiqtisadi koridor vasitəsilə təmin olunacaq. 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərinin iqtisadi inteqrasiyası regional və qlobal proseslərə ciddi təsir göstərəcək.

Nəticə etibarilə, reallıqlar məlum, perspektivlər aydındır. Prezident İlham Əliyev Azərbaycanın ən azı 100 il sonraya hədəflənmiş milli məqsədləri - strateji vəzifələri üçün tarixi yol inşa edir. Nəinki Azərbaycanın gələcəyi, bütöv bir regionun firavanlığı və təhlükəsizliyi məhz bu yolda - qalib Azərbaycanın dövlətçilik marşrutundadır. Zəngəzur dəhlizində, Şərqi Zəngəzurdan dünyaya açılan yolda..!