YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf bütün sahələri əhatə edir

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlətin konkret sahələr üzrə apardığı siyasətin müxtəlif aspektlərini açıqladı. Təbii ki, ərzaq təhlükəsizliyi, işğaldan azad edilmiş torpaqlardan səmərəli istifadə olunması, Ermənistanla münasibətlərin normallaşdırılması, öhdəliklərin yerinə yetirilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması, erməni təxribatlarının qarşısının alınması istiqamətində aparılan “Qisas” əməliyyatı və onun nəticələri diqqət mərkəzində oldu.

Hər kəs Prezident İlham Əliyevin bəyanatlarını, çıxışlarını diqqətlə təhlil edir və hamı bilir ki, onun səsləndirdiyi fikirlər hər zaman təsdiqini tapır. Son illərin xronologiyası, baş vermiş proseslər aparılan siyasətin nə qədər doğru olduğunu göstərir və bunu dövlətimizin başçısının son tezislərində də görmək mümkündür. Prezident İlham Əliyev növbəti dəfə Ermənistana və ona havadarlıq edən qüvvələrə mesaj göndərdi - yeni reallıqlar qəbul olunmalı, dövlətimizin ərazi bütövlüyü tanınmalıdır. Əks halda, biz özümüz Ermənistana qarşı ərazi iddiaları qaldıra bilərik. Bunun üçün tarixi, hüquqi əsaslar kifayət qədərdir. Ona görə də erməni tərəfi götür-qoy etməli, ağıllı davranmalı, reallıqlarla barışmalıdır. Azərbaycan dövləti gündən-günə inkişaf edir, hərbi cəhətdən güclənir, coğrafi baxımdan ən yüksək strateji yüksəkliklərdə möhkəmlənir.

Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının davamlı inkişafına, maliyyə dayanıqlığının möhkəmlənməsinə geniş yol açıb, sosial problemlərin aradan qaldırılmasına, vətəndaşların maddi rifahının daha da yaxşılaşdırılmasına səbəb olub, həmçinin müasir sosial-iqtisadi infrastruktur quruculuğunu sürətləndirib. Demək olar ki, əldə olunmuş hərtərəfli uğurlu inkişaf bütün sahələri əhatə etməkdədir. Son illər bölgələrdə ardıcıl olaraq həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət alması bu uğurların məntiqi davamıdır və prosesə dövlətimizin başçısı İlham Əliyev bilavasitə nəzarət edir. Onun Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara müntəzəm xarakterli səfərləri, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi, istehsal müəssisələri ilə tanışlığı, ictimaiyyət nümayəndələri və sahibkarlarla keçirdiyi görüşlər, apardığı səmimi söhbətlər bunun sübutudur. Prezident İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu. Bu, onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel digər bölgələrimizdə də abadlıq işləri uğurla davam etdirilir, bölgələrin turizm imkanları genişləndirilir, yeni iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılır.

Məlum səbəblərdən dünyada ərzaq böhranı yaşanır, ciddi qiymət artımı müşahidə olunmaqdadır. Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissələrindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir ki, bu istiqamətdə kompleks tədbirlər tətbiq edilməkdədir. Aqrar sektorun inkişafı, bu sahədə modern, mütərəqqi metodların tətbiqi əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edən amillərdəndir. Əminliklə deyə bilərik ki, ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində göstəricilərində dinamik artım var. İnanırıq ki, Şərqi Zəngəzurun və Qarabağın kənd təsərrüfatının inkişafı üçün geniş potensiala malik olması bu sahənin inkişafına mühüm töhfələr verəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasında, özünütəminetmə səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayacaq.

Müsahibəsində “Qisas” əməliyyatından bəhs edərkən dövlətimizin başçısı “əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz” mesajını verdi. Həqiqətən də, qarşı tərəf anlamalıdır ki, Azərbaycan güclü bir dövlətdir, öz suveren hüquqlarını heç nədən çəkinmədən ləyaqətlə qoruyur və törədilən bu kimi təxribatların qarşısı vaxtında alınacaq. Dövlətimiz tərəfindən hər bir əsgərin həyatı çox önəmlidir, “Qisas” əməliyyatı bunu bir daha göstərdi. Ermənistan məğlub tərəf kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını yerinə yetirməlidir, məhv edilmiş işğalçı ordusunun tör-töküntülərini Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, məğlub ölkənin öhdəliyidir. Onların nəyəsə ümid etməsi, reallığı dəyişməyə hesablanmış təxribatları heç bir nəticə verməyəcək. Artıq hər hansı bir statusdan, xüsusi imtiyazdan söhbət gedə bilməz. Dövlətimizin başçısı bunu açıq şəkildə bəyan etdi. Digər vətəndaşlarımız kimi, Qarabağda yaşayan ermənilərin də hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Bilirik ki, dövlətimiz öz vətəndaşlarının hüquqlarını ən ali səviyyədə hər zaman qoruyub.