YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərə nail olmaq üçün geniş imkanlar var

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Hər bir ölkənin inkişafında iqtisadi potensial əsasdır. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi bugünümüzə hesablanmış addımları sırasındadır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” söyləyən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq iqtisadi qüdrətimizin artırılmasına xidmət edən addımlarını görərik. Onun müəllifi olduğu neft strategiyası bu gün ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Reallıq budur ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu iqtisadi potensiala görə dünyanın diqqətində olub. Lakin  müstəqilliyimizin bərpasının ilk illərində ölkədə siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı, ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. “Əsrin müqaviləsi”nin imzalanması həm ölkəmizin iqtisadi imkanlarını artırdı, həm də siyasi mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində, təşəbbüsləri reallığa çevirən dövlət kimi tanınmasında, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşmasında yaradılan möhkəm təməlin rolu böyükdür.

2003-cü ildən Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritetliyini önə çəkdi, ümumi daxili məhsulda özəl bölmənin payını artırmaq üçün biri-birindən mühüm addımları atır. Avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verən dövlət başçısı İlham Əliyev bildirdi ki, biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, əksər hissəsini özəl sektor formalaşdırır. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.

Ölkəmizdə yaradılan möhkəm iqtisadi təməl, dərhal qabaqlayıcı tədbirlərin görülməsi hər bir çətinliyin öhdəsindən az itki ilə gəlinməsində əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, 2019-cu ilin sonundan dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri aparır Azərbaycanın bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər təqdir olunur. Bir statistik rəqəmi açıqlamaqla ölkəmizin iqtisadi və maliyyə imkanları barədə aydın təsəvvür yaratmaq mümkündür. Azərbaycan  bu müddətdə 80-dan artıq ölkəyə  humanitar və maddi yardım göstərib. Dövlət başçısı İlham Əliyev ilk andan bildirdi ki, insanların sağlamlığının qorunması ilə paralel olaraq iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu müddətdə cənab İlham Əliyevin bölgələrə səfərlərinə, açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə də diqqət yetirmək kifayətdir. Hazırda hər bir rayon, kənd və qəsəbə inkişafının ən yüksək mərhələsini yaşayır. Bütün bölgələrdə təkmil infrastruktur layihələri həyata keçirilir. Bu addımlar da öz növbəsində sahibkarlığın inkişafını sürətləndirir, ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına yol açır.

Ölkə Prezidentinin həmin müsahibəsində qeyd etdiyi kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsi bu gün də öz aktuallığını qoruyur. Biz hələ də özümüzü 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır: “Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır.”

Dövlət başçısı İlham Əliyev bu sahədə hədəflərə yüksək səviyyədə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialı da xüsusi qeyd edib. Ərazilərimizin hər biri özünəməxsus iqtisadi imkanlara malikdir. Hazırda işğaldan azad edilmiş torpaqlarda əkin işləri aparılıb. Bu əminlik ifadə edilir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılığın, o cümlədən üzümçülüyün, meyvəçiliyin, fındıqçılığın inkişaf etdirilməsi əsas hədəflərdəndir. Dövlət fermerlərə, bu torpaqlara  qayıdacaq vətəndaşlarımıza dəstək göstərəcək, subsidiya verəcək,  onların yetişdirdikləri məhsulların bazarlara çıxarmalarılmasına imkanlar yaradılacaq. Özünəməşğulluq proqramı bu ərazilərimizdə də uğurla icra ediləcək. Ailə təsərrüfatlarının inkişafına imkanlar yaradılacaq ki, bu, həm ölkəmizin inkişafına, həm də insanların öz həyat səviyyələrini daha da yaxşılaşdırmalarına dəstək olacaq. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin qeyd olunan müsahibəsi görülən işlər əsasında müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir.