YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın cinayət əməllərinə hüquqi qiymət veriləcək

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ermənilər müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı törədib, ərazilərimizi işğal ediblər. Belə ki, son 200 ildə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarında düşmən ölkə üçün dövlət quruldu. Təbii ki, ermənilər bu işğalçılıq siyasətini təkcə öz gücləri hesabına yox, arxalarında dayanmış qüvvələrin dəstəyi ilə həyata keçiriblər. SSRİ-nin 366-cı motoatıcı hərbi-texniki briqadasının dəstəyi ilə ermənilər 1992-ci il fevralın 26-da Xocalı soyqırımını törətdilər. Mayın 18-də Laçın dəhlizi, növbəti gün isə şəhər işğal olundu. Laçının işğalı ilə Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqə yarandı. Bu, həm də digər ərazilərimizin ermənilər tərəfindən işğalına yol açdı. Beləliklə, Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi işğal edildi. Doğma yurdlarında yaşayan 1 milyona yaxın azərbaycanlı ağır məcburi köçkünlük və qaçqınlıq həyatı sürməyə məcbur oldu. Buna baxmayaraq, torpaqlarımızın erməni işğalı altında qaldığı 28 ildə Azərbaycan beynəlxalq ictimaiyyətin gücü ilə pozulmuş hüququnun bərpasına və ərazilərinin işğaldan azad olunmasına inanırdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq arenada haqq səsimiz ucaldı və güclü ordu yaradıldı. Dövlətimizin başçısı bütün görüş və çıxışlarında qeyd edirdi ki, biz müharibə istəmirik və heç kimə də öz ərazilərimizdə dövlət qurmağa imkan verməyəcəyik. Nəticədə isə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz ermənilərin iki il yarıma işğal etdiyi ərazilərimizi 28 ildən sonra cəmi 44 gündə azad edərək xalqımızın böyük Qələbəsini təmin etdi. Ermənilər 28 il əvvəl Laçını işğal edəndə böyük toy-bayram edirdilər. Onlar azərbaycanlıların Laçındakı və işğal etdikləri digər ərazilərdəki yaşayış məntəqələrini, mədəniyyət və tarixi abidələrini, infrastrukturunu, müəssisə və təşkilatlarını darmadağın ediblər. Bundan əlavə, Laçın və onun ətrafındakı bir neçə kəndə Yaxın Şərqdən erməniləri gətirib məskunlaşdırıblar. Ermənilər bu proseslərdən sonra elə bilirdilər ki, azərbaycanlılar işğalla barışıb və bu torpaqlar əbədi olaraq onlara qalacaq.

Azər Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, ermənilər Cenevrə Konvensiyasının bütün tələblərini pozaraq ərazilərimizdə qeyri-qanuni məskunlaşma işləri aparıblar. Dövlətimizin başçısı bununla bağlı dedi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.

“Artıq torpaqlarımızda məskunlaşmış ermənilərin “şad” günləri sona çatıb. Ermənilər 1992-ci ildə öz yurdlarını tərk edən azərbaycanlıları yolsuz dağlardan-dərələrdən gözü yaşlı, ayaqyalın qaçmağa məcbur ediblər. Eyni zamanda, bütün azərbaycanlıların əmlaklarını da ələ keçiriblər. İndi isə qalib Azərbaycan yenə özünün humanist siyasətini ortaya qoyur. Laçın, Zabux və Susdakı ermənilərin rahat köçmələrinə imkan verib. Amma ermənilər yenə də fürsətdən istifadə edərək azərbaycanlıların tikdikləri evləri, meşələrimizi yandıraraq öz vandallıqlarını davam etdirirlər. Bu gün dünya ictimaiyyəti də erməni barbarlığına şahididir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatların və xarici qonaqların səfərləri təşkil olunub, onlara mətbuatdan yox, öz gözləri ilə erməni barbarlığının nəticələrini əyani görmək imkanı yaradılıb. Təəssüf ki, beynəlxalq ictimaiyyət ancaq müəyyən dairələrin maraqlarına xidmət edir və haqq-ədalətdən uzaqdır. Əgər belə olmasaydı, UNESCO işğaldan azad olunmuş ərazilərimizə missiya göndərərək mövcud vəziyyət barədə rəyini bildirərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdiyi barbarlıq və vəhşilikləri beynəlxalq ekspertlərin iştirakı ilə qeydiyyata alır. Zamanı gələndə isə təzminat və hüquqi qiymətin verilməsi üçün bütün cinayət əməllərini beynəlxalq məhkəmələrdə qaldıracaq. Təbii ki, faktlar əlimizdə yığılır və gələcək mübahisələndirilmə üçün hüquqi baza yaradılır. “Nəyi, necə və nə vaxt etmək lazımdırsa, bunu mən bilirəm”, - deyən Prezident İlham Əliyev nə vaxt hansı addımı atmaq lazımdırsa, hamıdan yaxşı bilir. Bu gün məhz dövlətimizin başçısının rəhbərliyi ilə qalib ölkəyik. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalq olaraq xoşbəxt yaşayacağıq.