YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixində mühüm və əlamətdar hadisə

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-ə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı.

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünyada mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.

Bu gün isə Ulu Öndərdən başlanılan Böyük yol Onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi Rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik.

Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ümummilli Liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.