YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Şəhər İcra Hakimiyyəti tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, idarə və müəssisə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında müstəqil, müasir Azərbaycanın və Partiyamızın qurucusu ulu öndər Heydər Əliyevin təhsil, elm və mədəniyyət sahəsindəki böyük siyasətindən, həyata keçirilən uğurlu konsepsiyalardan və xüsusi tədbirlərdən geniş söhbət açıb. Müəllim peşəsinə sahib olan bütün şəxsləri səmimi qəlbdən təbrik edən R. Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə təhsilin və elmin inkişafı ən yüksək səviyyədə təmin edilib. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar və yaradılmış yeni mexanizmlər mühüm əhəmiyyət kəsb edir. Təhsilin yeni mərhələyə qədəm qoyması və onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Müəllimlərin bizim elmli, bilikli və əsl vətəndaş kimi formalaşmamızda böyük və danılmaz rolu vardır.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbirdə çıxış edərək müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd vurğulayıb. O, ulu öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görür. Birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində müasir  texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllimlərin, şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan E.Əzizova Yevlaxda təhsil sistemində qazanılan uğurların məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu söyləyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun müdiri Namidə Abbasova və GİKM-ın Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli çıxışında müəllimləri təbrik etdi. Cari təhsil ilində bütün müəllimlərə uğurlar arzulayıb.

Təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisi Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, onlara qiymətli hədiyyələr təqdim olunub.