YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri və qazilərlə görüş keçirilib

Cəbrayıl rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri İlqar Həsənov, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Cəbrayılın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən düşməndən azad edilən ilk şəhər olduğunu bildirib. Qeyd olunub ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı. Hazırda azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da həyata keçirilən böyük quruculuq işlərinin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər.

Daha sonra rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qazilər Cəbrayıl əməliyyatından, həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən qəhrəmanlarının ailə üzvləri isə övladlarının qısa və şərəfli ömür, döyüş yollarından bəhs ediblər.