YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya İcmalar Palatasının sədri: Birləşmiş Krallıq Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir

İndoneziyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 6-da Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova "Böyük İyirmilik" ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammiti çərçivəsində İcmalar Palatasının sədri ilə görüşməkdən məmnunluğunu ifadə edib. Milli Məclisin sədri Parlament Sədrlərinin Sammiti kimi tədbirlərin parlamentariləri bir araya gətirmək və ümumi maraq doğuran məsələləri müzakirə etmək üçün mühüm çərçivə olduğunu bildirib.

Bu ilin iyulunda Birləşmiş Krallığa rəsmi səfərini xatırladan Milli Məclisin sədri səfər çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər zamanı parlamentlərarası əməkdaşlığın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan Sahibə Qafarova bu əlaqələrin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf etdiyini qeyd edib.

Görüşdə Milli Məclisin sədri İcmalar Palatasının sədrinə Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək, bildirib ki, bu hücumun əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdi olmuşdur və bu təxribat hərtərəfli araşdırılmalıdır. Bildirilib ki, səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Regionda mövcud olan vəziyyət barədə də danışan Sahibə Qafarova Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini diqqətə çatdırıb. “Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası istənilən sülh sazişinin əsasını təşkil etməlidir. Təəssüf ki, Ermənistan haqqında bunu demək olmaz”, - deyə Sahibə Qafarova qeyd edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, hərbi təxribatları ilə regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə əngəllər yaradır və normallaşma prosesini ləngidir. 2022-ci il sentyabrın 13-də onlar Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdılar. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, minaları yerləşdirməkdə davam edir. Sahibə Qafarova Böyük Britaniya parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənin Ermənistanın törətdiyi təxribatları pisləyən bəyanatını yüksək qiymətləndirib.

Milli Məclisin sədrini səmimiyyətlə salamlayan Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında uğurlu dialoq mövcuddur. Ser Lindsi Hoyl Birləşmiş Krallığın Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu bildirərək, parlamentlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, dostluq qruplarının bu istiqamətdə qarşılıqlı səmərəli fəaliyyətinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüfünü bildirən İcmalar Palatasının sədri bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını qeyd edib.

Ser Lindsi Hoyl görüşdə regionda mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat verdiyinə görə, Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirərək, ərazi bütövlüyü prinsipinin əhəmiyyətinə toxunub və bunu sülh və sabitlik üçün mühüm göstərici adlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv