YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı senatordan Azərbaycana qarşı aparılan çirkin kampaniyaya kəskin etiraz

Nüfuzlu “Le Huffington Post” informasiya portalında Fransa Senatının üzvü Natali Qulenin “Bakı oyunları, mətbuat dözümsüzlüyü oyunları” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə Azərbaycanın iyunun 12-28-də birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı xatırlanır. Təəssüflə qeyd edilir ki, bu Oyunlar ölkədə insan hüquqları və korrupsiya mövzularını qabardan “xoş niyyətli” məqalələr seli üçün bir fürsət yaradır. Hamı da tapşırığın yerinə yetirilməsindən həzz alan tonla danışır. Tapşırıq isə səfər etmədikləri bu ölkənin “reallıqlarını” insanlara çatdırmaqdır.

N.Qule yazır: “Bütün bunlar məni bir az bezdirməyə, hətta açıq desək, hiddətləndirməyə başlayır”.

Senator vurğulayır ki, Azərbaycan gənc ölkədir, Cənubi Qafqazdakı müttəfiqimizdir. Ermənistan isə marionetkadır. Azərbaycan uzun müddətdir nasizmə qarşı mübarizədə müttəfiq olub və olmaqda da davam edir. İkinci Dünya müharibəsində qələbəni qeyd etdiyimiz bir vaxt azərbaycanlı döyüşçü və partizanlardan ibarət çoxsaylı kontingent müttəfiqlərin tərəfində vuruşub. Həmçinin Aveyronda, Rodezdə müqavimət hərəkatının azərbaycanlı iştirakçılarına, həlak olanlara abidə ucaldılıb.

Bununla belə, Qafqazda elan edilməyən müharibə nəticəsində Azərbaycan iyirmi ildən artıqdır ki, ərazisinin 20 faizinin işğalı ilə üzləşib. Qonşu Ermənistan Dağlıq Qarabağdan başqa Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarını da işğal altında saxlayır. Bu bölgə və 7 rayon beynəlxalq hüquq pozularaq işğal olunub və ötən həftə Fransa bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Nəhayət, Azərbaycan terrorçuluğa qarşı mübarizədə və Qafqazın təhlükəsizliyində strateji tərəfdaşımızdır. Bununla belə, müttəfiqimizlə olduqca pis davranırıq. Bütün bunlar bu ölkənin siyasi kamilliyinin əlamətləri olan dini azadlığın, dünyəviliyin tam təmin edilməsinə, onun İslam Əməkdaşlıq Təşkilatına üzv olaraq İsrail ilə diplomatik və iqtisadi münasibətlərin saxlanmasına, Ermənistanla münaqişədə ola-ola, yenə də Avropa Şurasının demokratik meyarlarına nail olmaq üçün səylər göstərməsinə baxmayaraq baş verir.

Müəllif vurğulayır ki, Azərbaycanın birinci xanımı mədəni və humanitar diplomatiyanı ehtiva edən layihələrə töhfə vermiş Heydər Əliyev Fonduna müdrik şəkildə rəhbərlik edir. Dünya muzeylərinə, mədəniyyət əsərlərinə dəstək verilir, Pakistanda və çətin vəziyyətdə olan digər ölkələrdə məktəb və xəstəxanalar açılır. Buna baxmayaraq “xoş niyyətli” dairələr bunu yenə də dəstək almaq cəhdi kimi qələmə verməyə çalışırlar. Həmin işləri gözdən salmaq üçün edilən cəhdlər maniya, faktların saxtalaşdırılmasından başqa bir şey deyil.

Senator yazır: “Bizim qısqanc və zavallı cəmiyyətimiz öz maraqları prizmasını kənara qoyaraq, hər hansı addımları düzgün qiymətləndirmək iqtidarında deyil. Pulsuz addım atıldığı zaman, biz hər zaman onun təzminatını gözləyirik...

Bu, doğru deyilsə, necə olmalıdır? Bütün bunlar mənə Katarina qasırğası üçün 100 milyon dollarlarla yardım alan amerikalı hakimiyyət orqanlarının təəccüb doğuran sükutunu xatırladır. Mətbuatda heç bir söz, hətta təşəkkür belə deyilmədi. Bütün bunlar hiddət doğurur.

Nə səbəbə görə, jurnalistlər heç vaxt izah etmədən, heç vaxt nüanslara baxmadan, heç vaxt heç bir kontekstə diqqət yetirmədən çətin və mürəkkəb Qafqazı tənqid etməyə bu qədər səfərbər olurlar? Niyə? Axı, bu qədər ədavət haradan qaynaqlanır?”

“Mən bu ölkənin dostuyam. Mən onun xalqını tanıyıram. Mən Ermənistanın işğal etdiyi rayonlardan qovulmuş bir milyon qaçqın və məcburi köçkünün qayıtması üçün çalışıram. Bakının parıltısından kənarda yaşayan sadə və ləyaqətli yüz minlərlə insan Prezidentin ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş fəaliyyətini dəstəkləyir.

Məni bu ölkə və onun xalqı ilə uzun və əsl dostluq bağlayır. İstərdim ki, tərəfkeş jurnalistlər bu ölkəyə obyektiv yanaşsınlar. Bu ölkə tam inkişaf edən müttəfiqdir. Onun yeganə arzusu sülh şəraitində yaşamaqdır. Beləliklə, Azərbaycan ərazi bütövlüyü əsasında bərpa edilmiş sərhədləri çərçivəsində sabitliyə və regional inkişafa töhfə verməyi arzulayır”, - deyə N.Qule yazır.