YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilib

Mayın 14-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov və ADİU-nun rektoru Ədalət Muradov iştirak ediblər.

Konfransda çıxış edən ADİU-nun rektoru Ədalət Muradov qeyd edib ki, Türkiyənin “G20”-də sədrlik statusu əldə etməsindən sonra Azərbaycanı “Böyük iyirmilik” tədbirlərində iştiraka dəvət etməsi xüsusi önəm kəsb edir. Bildirib ki, “Böyük iyirmiliyə” daxil olan ölkələrin iqtisadiyyatı dünya ticarətinin təqribən 80 faizini təşkil edir. Məhz dünya iqtisadiyyatında baş verən problemləri əvvəlcədən görmək və qarşıya çıxan təzadları aradan qaldırmaq üçün G20 ölkələrinin təklifləri bütövlükdə qlobal iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın reallaşdırılması, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünya səviyyəsində böyük nailiyyətlər əldə edib. Bunun bariz sübutu kimi dünya təşkilatlarının son iqtisadi dəyərləndirməsini göstərmək olar. O bildirib ki, ölkəmizdə reallaşdırılan qlobal səviyyəli layihələr Azərbaycanın unikal iqtisadi modelə malik ölkə olduğunu səciyyələndirir. Azərbaycanın qlobal tədbirlərə qoşulmaqla təkcə “Böyük iyirmiliyə” daxil olan ölkələrin təcrübəsini öyrənmək deyil, eləcə də Azərbaycanın özünəməxsus milli iqtisadi inkişaf modelini G20 ölkələrinin diqqətinə çatdırmaq imkanı əldə etmiş olur. Türkiyənin G20-dəki prioritetlərindən danışan rektor qeyd edib ki, iqtisadi inkişafın inkluzivliyinin təminində Azərbaycanın təcrübəsi əhəmiyyətlidir.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qeyd edib ki, Azərbaycanın müzakirəsiz olaraq G20-nin tədbirlərinə dəvət edilməsi ölkənin Türkiyədə bütün sahələrdə yüksək yerdə olmasını göstərir. Bununla yanaşı, Azərbaycanın G20-də iştirakı ölkənin iqtisadiyyat başda olmaqda, digər bütün sahələrdə səviyyəsinin və Türkiyənin ondan güc ala biləcəyinin sübutudur. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillərdəndir. Səfir Bakıda keçirilmiş B20 Azərbaycan Regional Məsləhətləşmə Forumunun son dərəcə əhəmiyyətli bir tədbir olduğunu da vurğulayıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev Türkiyənin ölkəmizi bu cür qlobal tədbirə dəvət etməsini yüksək dəyərləndirib. O qeyd edib ki, qlobal iqtisadi inkişafın istiqamətləri barədə aparılacaq müzakirələrdə yer almaq ölkəmiz üçün əhəmiyyətlidir. Dünya ölkələrinin iqtisadi sahədə təkliflərini dinləmək və geniş spektrli fikir mübadiləsi aparmaq faydalı imkandır. Xüsusilə investisiyaların cəlbi və infrastruktur layihələri barədə müzakirələr Azərbaycanın diqqətdə saxladığı mövzulardandır.

Sonra mövzu ətrafında diskussiya aparılıb, təkliflər dinlənilib.