YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransı keçirilib

Mayın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Gənclər Birliyinin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov hesabat məruzəsi  ilə çıxış edib. S.Orucov bildirib ki, bu gün ölkəmizin əldə etdiyi ugurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Onun sözlərinə görə, xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının Gənclər Birliyində təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. «Qürurla deyə bilərik ki, əsl ümümxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.
S.Orucov qeyd edib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 650 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. O, hesabat dövrü ərzində YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
YAP Gəncllər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım İbrahimova, Gəncə Dövlət Universitetinin tələbəsi Rufanə İbadlı və YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Ümid Abuzərli çıxış edərək  YAP-ın hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd ediblər. 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və «İrəli» İctimai Birliyinin sədri Mirhəsən Seyidov konfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.
Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov çıxış edərək YAP-ın Azərbaycanın avanqard siyasi təşkilatı olduğunu bildirib. Onun sözlərinə görə, partiyada cəmiyyətin intellektual kəsimi, ziyalılar, millətini və dövlətini düşünən insanlar təmsil olunur. YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov bu gəncliyin qarşısında mühüm vəzifələr dayandığını diqqətə çatdırıb. O, qeyd edib ki, gənclər Ümummilli liderimiz Heydər Əliyevin əmanətlərini qoruyub saxlamalıdır. Bu əmanətlər isə Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və Yeni Azərbaycan Partiyasıdır. 
Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov gənclərlə bağlı siyasətin dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. O, bildirib ki, dövlət Azərbaycan gəncliyinə böyük etimad göstərir, gəncliyin inkişafı üçün bütün imkanlar yaradır. YAP Gənclər Birliyinin fəaliyyətini təqdir edən Əli Həsənov qeyd edib ki, təşkilatın keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr dövlətin gənclər siyasətinə ciddi bir dəstəkdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncliyinin tarixində əlamətdar bir gündür. YAP Gənclər Birlyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Əhmədov qeyd edib ki, gənclərimiz öz fəaliyyəti, fədakarlığı və sədaqəti ilə belə bir yüksək qiymətə layiq olublar. «Həqiqətən, ötən illər ərzində YAP-ın Gənclər Birliyi ölkəmizin ictimai-siyasi həyatında, gənclik hərəkatında yaxından iştirak etməsi ilə öz sıralarını daha da möhkəmləndirib, cəmiyyətimizin həyatında  yerini və rolunu daha da gücləndirib və eyni zamanda,  özünü Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ictimai həyatımızdakı mövqeyinin möhkəmlənməsinə öz töhfələrini verib. «Məmnunluq hissi ilə demək istəyirəm ki, YAP Gənclər Birliyi böyük bir gücü, qüvvəni özündə ehtiva edir. Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri YAP sıralarında toplaşıblar. Gənclik hər bir cəmiyyətdə, o cümlədən  Azərbaycan cəmiyyətində müasirliyin, yeniliyin daşıyıcısıdır. Azərbaycan gəncliyi də sözün həqiqi mənasında Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə siyasətinə ən böyük töhfə verən ictimai qüvvə kimi özünü göstərib. Hesab edirəm ki, məhz bu gənclik Azərbaycanın gələcək firəvan həyatının təmin edilməsinə daha böyük töhfələr verəcək. Bu gün YAP-ın sıralarında olmaqla əldə etdikləri biliklər, vərdişlər, mənəvi keyfiyyətlər gələcəkdə  onların  Azərbaycana ləyaqətlə və böyük səmərə ilə xidmət göstərməkləri üçün ciddi əsaslar yaradır»- deyə, YAP Sədrinin müavini vurğulayıb. 
    YAP-ın sıralarında 650 mindən artıq insanın birləşdiyini diqqətə çatdıran Əli Əhmədov partiya üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu deyib. Onun fikrincə, bu sadəcə statistika deyil, gənclərin Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətinin ifadəsidir. Əli Əhmədov gənclərə daim yüksək biliklər əldə etməyi, vətənpərvər ruhda böyüməyi, Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil etməyi tövsiyə edib.
Qeyd edək ki, konfrans iştirakçıları YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Gənclər Birliyinin 63  nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti seçilib. Seymur Orucov YAP Gənclər Birliyinin sədri, Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva və Əli Pənahov isə sədr müavinləri seçiliblər.
Konfrans tanınmış sənətçilərin konsert proqramı ilə başa çatıb.  

 

DİGƏR Partiya xəbərləri Arxiv