YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Azərbaycan postkonflikt dövründə məqsədyönlü quruculuq siyasəti həyata keçirir

“Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olundu. Möhtəşəm Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında əldə edildi. Bu, yalnız tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasıdır. Azərbaycan qalib ölkə kimi bütün regionda yeni geostrateji reallıq yaratdı”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.

Tahir Budaqov bildirib ki, bu gün Azərbaycan bölgədə bütün dövlətlər üçün faydalı və önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanın postkonflikt dövründə məqsədyönlü quruculuq siyasəti həyata keçirdiyini, işğaldan azad olunmuş ərazilərdə nəhəng infrastruktur layihələrini reallaşdırdığını vurğulayan YAP Sədrinin müavini ölkəmizin təşəbbüslərinin bölgədə sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etdiyini söyləyib. Tahir Budaqov Zəngəzur dəhlizinin açılmasının təkcə Azərbaycanın deyil, Çindən Avropaya qədər bütün ölkələrin maraqlarını əks etdirdiyini bildirib.

Bu il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin qeyd olunduğunu deyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bununla bağlı geniş Tədbirlər Planı təsdiq olunub və uğurla icra edilir.

“Bütün rayon və şəhər təşkilatları tərəfindən yerlərdə yubiley tədbirləri reallaşdırılır. Eyni zamanda, gənclər arasında müxtəlif idman yarışları və intellektual oyunlar keçirilir. Noyabrın 5-də Azərbaycan Texniki Universitetinin idman zalında minifutbol üzrə turnirin finalı olacaq. Bu turnirə ölkə üzrə 72 komanda qatılmışdı. Seçmə mərhələlərdən sonra üç komanda finala çıxıb. Eyni zamanda, noyabrın 6-da Gülüstan sarayında “Nə? Harada? Nə zaman?” intellektual oyununun finalı olacaq. Bölgələrdə keçirilən seçmə mərhələdən sonra qalib gəlmiş 21 komanda birinci, ikinci və üçüncü yer uğrunda yarışacaqlar. Bilik yarışmasında iştirak edən gənclər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri və rolu, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Yeni Azərbaycan Partiyasının 30 illik zəngin və şərəfli inkişaf tarixi ilə bağlı sualları cavablandırırlar. Bundan başqa, gələn həftə gənclər arasında şahmat turnirinin, həmçinin sərbəst və yunan-roma güləşi üzrə üç çəki dərəcəsində respublika birinciliyinin finalı keçiriləcək. Eyni zamanda, jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan olunub və yazıların qiymətləndirilməsi prosesi aparılır”.

Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ərəfəsində beynəlxalq konfransın keçirilməsinin də nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, həm yekun yubiley tədbirində, həm də regionda sülh və təhlükəsizlikdə siyasi partiyaların rolu mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə bir sıra dövlətlərdən qonaqlar təşrif buyuracaqlar.