YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

İsmayıllıda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə İsmayıllı rayonu Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.     

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                                                                     

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib: “Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarların Azərbaycanın uğurlu inkişafının təmin olunmasında böyük rolu olub. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.”              

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Qeyd olunub ki, partiyanın quruculuq prinsipləri əsasında həyata keçirilən tədbirlər nəticəsində İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində geniş quruculuq-abadlıq işləri aparılıb, yeni yollar salınıb, sakinlərin rahat yaşaması üçün zəruri infrastruktur qurulub, bütün idarə, müəssisə və təşkilatlar üçün müasir iş şəraiti yaradılıb.                                                    

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.                                                                                                      

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov bildirib ki, Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib: “Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 30 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib”.

Tədbirdə, həmçinin partiya veteranı Valeh Salehov, İkinci Qarabağ müharibəsi şəhidi, mayor Sübhi Mürsəliyevin anası Cəmilə Əkbərova, İsmayıllı rayon İvanovka kənd Bələdiyyəsinin sədri, İvanovka ərazi partiya təşkilatının sədri Oleq Radayev, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Tacəddin İbadov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər. Bildiriblər ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərində hər bir partiya üzvünü yaxından iştirak etməyə çağırırıq.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, bir qrup müharibəs iştirakçısına isə “Vətən müharibəsi iştirakçısı” medalı təqdim olunub.