YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Abşeron rayonunda YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 10-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib: “Ümummilli Liderin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi”.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib. Ə.Həsənov bildirib ki, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin ana xəttini təşkil edir: “Yarandığı gündən sözlə əməl birliyi partiyanın nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir”.

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 30 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib. Vurğulayıb ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi: “YAP müstəqilliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyəcanlı zamanda yaradıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir”.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. O bildirib ki, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi Ümummilli Liderə sarsılmaz inam və etimadın ifadəsi idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Vurğulayıb ki, ölkəmiz 1993-2003-cü illərdə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazandı və güclü dövlətə çevrildi.

Tədbirdə Saray 3 saylı orta məktəbin direktoru Təyyibə Hüseynova və şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyiblər.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal gənc isə YAP Abşeron şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilib.