YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lənkəranda YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzində partiyanın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.

Öncə rayon Şəhidlərin xiyabanı və Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsi ziyarət olunub. Şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının şərəfli tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Yeni Azərbaycan Partiyası 30 il öncə xalqımızın çətin sınaqlar və mürəkkəb problemlərlə üz-üzə qaldığı bir dövrdə yaranıb. Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. İqbal Əmənullayev YAP Lənkəran rayon təşkilatında 120 ərazi partiya təşkilatının işinin Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə, yerli təşkilatları haqqında əsasnamənin tələblərinə və Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun olaraq qurulduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yolda ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyası, gəncliyin güvənc yeridir: “Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin düşüncə və siyasi ideologiyasının əbədi məktəbi, yeniləşən və inkişaf edən qüdrətli Azərbaycan isə bu məktəbin yaratdığı  xoşbəxt taleli məmləkətdir”.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə çıxış edərək bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan Cavanşir Paşazadə qeyd edib ki, həmin dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükələrinin qarşısı alındı.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  çıxışında qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnmiş, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə qəbul edilən nüfuzlu, qüdrətli dövlətə çevrilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının veteranı Əlimərdan Əliyev, ərazi partiya təşkilatının üzvü Gülarə Abbasova, təşkilatın gənc fəalı Ülvi Tağızadə və Vətən müharibəsi iştirakçısı, müəllim Emin Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildiriblər.

Tədbirin sonunda Lənkəran  şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.