YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

AMEA-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Noyabrın 14-də AMEA-nın Rəyasət Heyətində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin ağır olması, siyasi sabitliyin təmin edilməməsi nəticəsində yaranmış xaos və anarxiya Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin vaxt ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirdiyini xatırladan akademik belə bir vaxtda xalqımızın 91 nəfər ziyalısının “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli başlıqla 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdiklərini bildirib. Qeyd edib ki, 1992-ci il oktyabrın 16-da Ümummilli Lider “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqalə ilə ziyalıların müraciətinə müsbət cavab verib və 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb, dünya miqyaslı siyasətçi, Siyasi Büronu fəth etmiş böyük təcrübəyə malik Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

Ulu Öndərin Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra ideologiya işlərinə xüsusi diqqət yetirdiyini deyən İsa Həbibbəyli dahi liderin azərbaycançılıq konsepsiyasını irəli sürdüyünü, demokratik prinsipləri əsas götürərək partiyanın nizamnaməsinə ciddi əməl etdiyini, nəhayət, 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdırıb.

Partiyanın inkişafında və sıralarının genişlənməsində Prezident İlham Əliyevin müstəsna rolu olduğunu deyən akademik İsa Həbibbəyli 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının I Qurultayında dahi liderin davamçısının partiya sədrinin müavini seçilməsi ilə gənclərin YAP-a axın etdiyini, nəticədə yeniləşmə prosesinə təkan verdiyini söyləyib. Vurğulayıb ki, İlham Əliyev 2001-ci ildə sədrin birinci müavini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildə isə YAP-ın III Qurultayında partiyanın rəsmi sədri seçilib və beləliklə, ölkəmizdə siyasi varislik təmin olunub: “Prezident İlham Əliyevin ölkəmizə və Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsilə Azərbaycanın tarixində yeni era başladı. Bu mərhələ Heydər Əliyev epoxasının İlham Əliyev erası kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixində yeniləşmə, inkişaf və intibah mərhələsidir. Azərbaycan cəmiyyətinin bütün sahələrində YAP-ın rolunu, xidmətlərini görməmək mümkün deyil. Məhz Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən azərbaycançılıq ideologiyası gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynadı və nəticədə yeni nəsil Vətən müharibəsindəki tarixi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının 30 illiyini “Heydər Əliyev İli” ərəfəsində qeyd edirik”.

YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın da partiyanın inkişafında müstəsna xidmətlərindən danışan akademik İsa Həbibbəyli Birinci vitse-prezidentin ölkəmizin ictimai-siyasi həyatında, sosial-mədəni proqramların həyata keçirilməsində mühüm rol oynadığını söyləyib.

Partiyanın yaranması mərhələsində Azərbaycan alimlərinin roluna toxunan akademik məşhur “91-lər”in sırasında AMEA əməkdaşlarının da olduğunu, həmçinin həmin dövrdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən “Əlincə cəmiyyəti”nin əksər üzvlərinin YAP-ın təşkilatlanmasına töhfə verdiklərini bildirib.

AMEA-dakı YAP ərazi partiya təşkilatlarının fəaliyyətindən də söz açan akademik vurğulayıb ki, əgər 2013-cü ildə akademiyanın 41 təşkilatından yalnız 9-da özək təşkilat var idisə, bu gün AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında ilk ərazi partiya təşkilatları, onların sədrləri və üzvləri fəaliyyət göstərir, onların sayı hər gün genişlənir: “Akademiyada YAP ərazi partiya təşkilatlarının fəaliyyətində akademiklər, müxbir üzvlər, elmlər və fəlsəfə doktorları, elmi və texniki işçilər ideoloji işlərdə yaxından iştirak edirlər”.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan alimləri dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti yekdilliklə bəyənir, Prezidentin bütün fəaliyyətini ürəkdən dəstəkləyirlər.

Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib. Tədbir iştirakçılarını bu günlərdə qeyd etdiyimiz Zəfər bayramı və Dövlət Bayrağı Günü ilə əlaqədar təbrik edən Tahir Budaqov bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan Azərbaycanın hazırkı intibah mərhələsinə asanlıqla çatmadığını deyib: “Müstəqillik dövrünün əsas hadisə və proseslərinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz fenomenal lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu kontekstdə ölkəmizin gələcək taleyini, perspektivlərini müəyyənləşdirən fövqəladə və əlamətdar hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılmasıdır”.

Tahir Budaqov qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. Respublikada ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının hökm sürməsi, ölkənin faktiki olaraq beynəlxalq izolyasiya vəziyyətinə düşməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bir sıra digər mənfi proseslər müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Azərbaycanı belə bir vəziyyətdən, xaos və böhrandan xilas etməyin yeganə yolu vahid lider ətrafında milli birliyin təmin edilməsindən keçirdi.

“Xalqın inam və etimad ünvanı isə bəlli idi. Hər kəs ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan liderə - dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı.1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı - onların arasında dövrün görkəmli elm adamları, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri üstünlük təşkil edirdi - Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Heydər Əliyev həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməklə bütün təhlükələrə rəğmən, öz həyatını belə riskə ataraq növbəti dəfə Azərbaycan naminə siyasi məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 30 il əvvəl - 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə güclü Lider ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin həlledici anı və dönüş nöqtəsi oldu.

Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı. Ən əsası, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi. İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın qüdrətinin və beynəlxalq nüfuzunun artmasını, dünya siyasi arenasında mövqeyinin güclənməsini, milli həmrəyliyin möhkəmlənməsini təmin etdi. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün, tarixi ədalətin və xalqımızın milli qürurunun bərpasına nail oldu. Bu tarixi Zəfər nəticəsində həm ölkəmizin qarşısında, həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yaranıb. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyamızın sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsinə, Azərbaycanın postkonflikt dönəmində davamlı uğurlar əldə etməsinə yeni imkan, dayanıqlı və etibarlı zəmin yaradır. Partiyamız bütün imkanlarını səfərbər edərək yeni geosiyasi prioritetlərdən irəli gələn hədəflərin reallaşdırılmasına çalışır, məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verir. Heç şübhəsiz, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan partiya fəallarının da üzərinə bu istiqamətdə mühüm vəzifə və məsuliyyət düşür. Danılmaz faktdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri – qabaqcıl elm xadimləri, akademiklər Yeni Azərbaycan Partiyasının yaradılması və inkişafında mühüm rol oynayıblar. Bu, AMEA-nın milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən ziyalılar ordusuna malik olduğunu bir daha təsdiqləyir. Bu gün tarixi ənənələrə və zəngin elmi təcrübəyə malik olan Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında Yeni Azərbaycan Partiyasının özək təşkilatları fəaliyyət göstərir, elm və təhsil sahəsi ilə yanaşı, siyasət meydanında da öz sözünü demiş nüfuzlu alimlər partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərmələri, üzərlərinə düşən vəzifələri vicdanla, ləyaqətlə və məsuliyyətlə yerinə yetirmələri müstəsna əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, 30 yaşını qeyd etdiyimiz YAP Azərbaycanın tərəqqisi naminə daim çalışacaq, ümumxalq partiyası kimi taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında hər zaman öz sözünü deyəcək, Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasında çalışan YAP üzvləri də bu prosesdə fəal rol oynayacaqlar”, – deyə YAP sədrinin müavini bildirib.

Tahir Budaqov çıxışının sonunda tədbir iştirakçılarını təbrik edib: “Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın sədri İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimiz və xalqımız naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Şahlar Əsgərov “Yeni Azərbaycan Partiyasının qızıl fondu: 91-lər hərəkatından Veteranlar Şurasınadək” və YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova “Azərbaycançılıq ideologiyasının formalaşması və təbliğində Yeni Azərbaycan Partiyasının rolu” adlı məruzələrlə çıxış ediblər. Həmçinin YAP Veteranlar Şurasının üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Sonra YAP sədrinin müavini – Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov yekun nitqlə çıxış edib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş AMEA əməkdaşlarına üzvlük biletləri təqdim olunub.

Tədbir boyu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda AMEA Rəyasət Heyətinin üzvləri, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların YAP ərazi partiya təşkilatlarının nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.