YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Biləsuvar rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Biləsuvar Şəhidlər xiyabanı da ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə “Müstəqil Azərbaycan Respublikasının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda  məruzə ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiyanın yaranma tarixindən danışıb, 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edildiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.  Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük nailiyyətlər qazandığını vurğulayan  K.Qurbanlı YAP Biləsuvar rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 71-ə, üzvlərinin sayı isə 5632  nəfərə çatıb. 

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiyamız  yeni-yeni nailiyyətlərə imza atıb, bu uğurların zirvəsində tarixi Zəfərimiz dayanır”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın  və partiyamızın həyatında özünü aydın şəkildə göstərir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü qeyd edib. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Tədbirdə partiya veteranı Rəfiqə Cəfərova, ərazi partiya təşkilat sədri Elşən Ağazadə və şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.