YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Suraxanı rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkədə mövcud olan siyasi partiyaların lokomotividir: “Ölkəmizin siyasi palitrasında mövcud olan əksər subyektlər milli maraqlar nöqteyi nəzərindən YAP-ı özlərinə istiqamətverici, yolgöstərici kimi qəbul edirlər. YAP xalqımızın milli-mənəvi dəyərlərinin təmərküzləşməsidir. Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. YAP-ı yaradanlar vaxtı ilə bu partiyanın və ulu öndər Heydər Əliyevin amalları, ideyaları uğrunda öz canlarını qurban verməyə hazır olan fədakarlar idilər. “91-lər”-in faəliyyətini yüksək qiymətlənləndirən ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev onların cəsarətinin və qətiyyətinin sayəsində Yeni Azərbaycan Partiyasının yarandığını ifadə edib. Danılmaz həqiqətdir ki, o vaxtlar cəsarətli əqidə daşıyıçıları olmasa və Ulu Öndərin ətrafında birləşməsəydilər, bu gün qüdrətli dövlətçiliyimiz də olmazdı.”

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. Partiya dövrün zərurətindən və cəmiyyətin aydın, ziyalı təbəqəsinin təşəbbüsü ilə yaradılıb. Yeni Azərbaycan Partiyası tarixin məngənəsindən, taleyin sınağından üzüağ çıxaraq milli məfhuma çevirilib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisinin Təbii Ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Milli Məclisin deputatı Afət Həsənova söyləyib ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, partiya həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Ötən il keçirilən VII qurultay isə partiyanın həyatında yeni mərhələnin əsasını qoyub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vurğulayıb ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.”

Tədbirdə rayon təşkilatının gənc fəalı Pərvin Əhmədova, Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anası Pakizər Səfərova, II Qarabağ müharibəsi qazisi Elnur Əkbərov, 114 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Ceyran Novruzova, Xalq artisti, "Şöhrət" ordeni laureatı Nurəddin Mehtixanlı çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına, fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi və Şəhid ailə üzvlərinə, qazilərə xatirə hədiyyətləri təqdim edilib.