YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yasamal rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib

Noyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ümummilli lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasındakı büstü ziyarət olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasıın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Vurğulayıb ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var. Qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib.”

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Partiyanın keçdiyi 30 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri - Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rəhilə Ramazanova, baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxışlarında torpaqlarımızın işğaldan azad edilməsinin Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərin ailələri, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar.

Tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.