YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Kanada əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar var

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə X. Xələfov Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin mühüm yer tutduğunu bildirib, əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.

Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinin son vəziyyəti barədə məlumat verən nazir müavini bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe nümayiş etdirməli olduğunu vurğulayıb. O, NATO-nun üzvü olan Kanadanın da bu prosesdə fəallıq nümayiş etdirməsinin və Kanada şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

Azərbaycana dördüncü dəfə səfər etdiyini bildirən Barri Devolini ölkəmizin gündən-günə inkişafının xoş təəssüratlar yaratdığını qeyd edib. O, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialın konkret layihələrdə əks olunmasının faydalı olacağını qeyd edib.