YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında mühüm əhəmiyyətə malik olacaq

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Parlamentdə təmsil olunan siyasi partiya  nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət ediblər. Ölkəmizdə bu sahədə qanun qəbul edilməsidən artıq 30 il keçib. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilmişdir.

Yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilmiş,  həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara  öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilmiş, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Bundan əlavə, qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilmişdir. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılmışdır. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə öz əksini tapmışdır. Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində  məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaqdır.  Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapmışdır.

Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət  artırılmış, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər  azaldılmışdır. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılmışdır. Konkret olaraq, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun  tələblərinə uyğun formada hazırlanmışdır.

Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır. Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanmışdır. Layihədə müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək.

Qəbul ediləcək yeni sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək. Burada dövlətin də əsas məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.