YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası otuz ildə öz monolitliyini qorudu

“Azərbaycanın tarixində yeni parlaq səhifə açmış, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ilini geridə qoyduq.” Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı Pərvin Kərimzadə deyib.

Deputat qeyd edib ki, bugünkü güclü, dünyada söz sahibi olan Azərbaycanın bütün uğurları, inkişafı, tərəqqisi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında məhz o günlərdən başlayır. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizdə dahi rəhbər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu təsdiq edib. Bu illər ərzində Yeni Azərbaycan Partiyası güclü liderin rəhbərliyi ilə dövlətimizin güclənməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yüksəldilməsinə, əmin-amanlığın təmin edilməsinə, sabitliyin qorunmasına mühüm töhfələr verib.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da siyasi təşkilatın keçdiyi yola nəzər salınıb, partiyamızın yaranmasının tarixi hadisə olduğunu diqqətə çatdırıb: “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar”.

Millət vəkili onu da vurğulayıb ki, o zaman tərəqqipərvər, xalqını, Vətənini, dövlətini düşünən insanların öz liderinə güvənib ölkənin xilas missiyasını öz üzərinə götürən Yeni Azərbaycan Partiyasının ətrafında birləşdilər. Ölkəmiz dərin bir böhran içində olduğu həmin vaxtı bütün məsuliyyəti üzərinə götürən Yeni Azərbaycan Partiyasının sədri, Ümummilli Liderin təcrübəsi, peşəkarlığı sayəsində müstəqillik yoluna yeni qədəm qoyan Azərbaycanı üzləşdiyi bəlalardan xilas etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Partiyanın lideri Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində müasir, heç kimdən asılı olmayan tam müstəqil Azərbaycanın qüdrəti artdı, xalq dövlətimizin və onun güclü lideri ətrafında sıx birləşdi.

Otuz ildə böyük inkişaf yolu keçən, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının proqramında cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, inkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar öz əksini tapıb. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr insanların bu təşkilata yüksək etimadını göstəricisi oldu. Xalqın gücü, dəstəyi ilə qazandığı parlaq qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerini möhkəmləndirdi. Hakim partiya bütün seçkilərdə ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını təsdiqlədi.

Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq yeni dövrə qədəm qoyub. Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir, regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzi, kosmik klubun üzvü, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti, bölgədə, Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Ən əsası, beynəlxalq aləmdə nüfuza və hörmətə malik olan müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa edib, 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıb. Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edən ölkəmiz tarixinin ən güclü dövrünü yaşayır.

Prezident İlham Əliyevin noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə qeyd etdiyi kimi, Heydər Əliyevin siyasi xətti davam və inkişaf etdirilərək güclü Azərbaycan dövləti quruldu: "Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır".

Bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Azərbaycan xalqının maraqlarını əks etdirən, dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verən hakim partiyanın proqramı Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə növbəti qələbələri hədəfləyir - deyən millət vəkili Pərvin Kərimzadə fikirlərini yekunlaşdırıb.