YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Kəlbəcər inkişafın yeni mərhələsindədir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bugün Kəlbəcər rayonunun işğaldan azad olunmasının iki ili tamam olur. Bu günümüzün qürurverici hadisələrindən biri məhz budur ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən sonra Kəlbəcər azadlığına qovuşdu.

25 noyabr 2020-ci il tarixində xalqa müraciətində “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamlara da diqqəti yönəltdi ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərildi. Ermənistanın sonrakı işğalçılıq siyasətini də bu, böyük üstünlüklər təmin etdi.

Kəlbəcər 27 ildən sonra tarixi sahibinə qovuşdu. Kəlbəcər kimi  strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur.  İşğaldan azad edilmiş ərazilərimiz sürətli bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin bu ərazilərimizə mütəmadi səfərləri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Kəlbəcərin azad olunmasından cəmi 2 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir.  Bugünədək görülən və gələcəkdə də görüləcək işlərin miqyasına diqqət yetirdikdə tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.

Torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyə bilmərik.  Məhz onların fədakarlığı və şücaəti nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Dövlətimiz onların fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.