YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası- İşıqlı gələcəyimizin ən böyük təminatçısı

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyev ideyaları əsasında qısa bir müddət ərzində yüz minlərlə insanın məfkurə birliyinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranması xalqın haqlı tələbi idi.

21 noyabr 1992-ci il tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi bir mərhələnin əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ulu Öndərin layiqli davamçısı Prezident,Partiyamızın Sədri İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiyamız daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirib və  partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənibdir.

Fəaliyyətini partiyamızın hədəflərinə və məqsədlərinə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bənzərsiz siyasətə uyğun şəkildə quran YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiya Sədrinin proqram xarakterli çıxışından irəli gələn vəzifələrin, Qurultayda qəbul edilən qərarların həyata keçirilməsi istiqamətində ardıcıl işlər görür, təşkilatın ideoloji və siyasi yönümdə fəaliyyətini daha da genişləndirir, rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak edir.

Yeni Azərbaycan Partiyasının təsis olunmasın 30 illiyi münasibətilə keçirilən mötəbər tədbirdə çıxış edən Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli və mənalı yola diqqət çəkərək, xüsusi məqamlara toxundu. Məşhur “91” ləri qeyd edən möhtərəm Sədr bildirdi ki, Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər.

Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Yeni Azərbaycan Partiyasının hakim və C.Qafqazda alternativsiz siyasət aparmaqla Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirdiyini qürurla söyləyən cənab Sədr həmçinin müdrik siyasətimiz nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunduğunu, düşmənlərin məhv edilərək, parlaq Qələbə qazandığımızı ictimaiyyətin diqqətinə çatdırdı.

Biz şahid oluruq ki,bugün Ermənistan  tərəfi məğlub olduqdan sonra rəsmi şəkildə imzaladığı kapituliyasiya aktının şərtlərinin digər mühüm bir hissəsini icra etməkdən boyun qaçırır ya da ki, öz ermənipərəst havadarlarına güvənir. Elə bu məsələyə də münasibət bildirən Prezident İlham Əliyev faktları qeyd etdi:- Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə “bacı” deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, “qardaş” da deyə bilərdilər, amma nədənsə bunlar “bacı” deyirlər. Bəli həqiqətən də bacı, iki deyingən və fırıldaqçı qarı kimi bu iki ölkə birləşib, xəstə ruhları ilə öz aləmində yeni dünya qururlar. Fakt olan budur ki, müdrik Prezident, möhtərəm Sədr cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bənzərsiz YAP siyasəti nəticəsində Ermənistan darmadağın edildi, onların mifologiyası tarixin qaranlıq səhifələrinə gömüldü.

Bu gün Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyimiz Qələbədən fəxr hissi duyur. Cənab Prezidentin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir Yumruq” əməliyyatları şanlı tariximizə Zəfər ili kimi qızıl həriflərlə yazıldı və Vətən həsrəti çəkən xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, bizə qalib bir xalq adını qazandırmış oldu. Yeni Azərbaycan Partiyası möhtərəm Sədr cənab İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycanı uğurlu və xoşbəxt gələcəyə aparır. Çünki, bizim yolumuz haqq yoludur və xalqımızın maraqları naminədir! Partiyamızın hər bir üzvünü səmimi-qəlbdən təbrik edir və fəaliyyətində uğurlar arzulayıram.