YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Laçının azad edilməsi Azərbaycanın Zəfər tarixinin ən önəmli məqamlarından biri oldu

“İki il bundan öncə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuzun  gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 illik işğala son qoyuldu. Azərbaycan tarixi ədaləti bərpa etdi, Ermənistana və 30 il işğalçıya dəstək olan bəzi  dövlətlərə sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, sadəcə bunların tətbiqi üçün vacib mexanizm olmalıdır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra  qarşıda dayanan əsas hədəf bu sənəddən  irəli gələn öhdəliklərin yerinə yetirilməsi idi.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu heç bir güllə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Bundan əvvəl, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan tərəfindən nəzarətə götürüldü. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev avqustun 26-da bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub: “Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi bu əraziyə Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun 79.1 min nəfərdən ibarət olan əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.”

Baş redaktor vurğulayıb ki,  qürurverici haldır ki,  iki ildir  torpaqlarımızın işğalı günlərini deyil, düşmən tapdağından azad edildikləri tarixləri qeyd edirik: “Bu tarixlər bütün məqamları- Zəfərə gedən yolu, Qələbəmizi şərtləndirən amilləri və bundan sonrakı dövrdə hədəfləri özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan 2020-ci ilin 1 dekabr tarixində Laçının işğaldan azad edilməsi  müjdəsini xalqa çatdırarkən bəyan etmişdi ki, böyük sevinc hissi ilə  Laçın rayonunun işğaldan azad olunduğunu bildirirəm.  Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan  Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.”

“Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini müasir tələblər səviyyəsində həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını sürətləndirməkdir” söyləyən  Vüqar Rəhimzadə bildirib ki, bu günlər digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır: “Həm ayrı-ayrı ərazilərimizin bərpası ilə bağlı sərəncamlar imzalanır, eyni zamanda, ümumilikdə  Dövlət proqramları və Milli Prioritetlər təsdiqlənir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  tapşırığı əsasında dünya hərb tarixində ilk dəfə olaraq Azərbaycan müharibə bitdikdən sonra dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə start verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş Laçın rayonuna   2021-ci ilin 14 fevral tarixində reallaşdırdıqları   səfər  dövlət başçısının Güləbird kəndində Azərbaycan Bayrağını ucaltması ilə  tarixə yazıldı. Bu mühüm hadisə  Azərbaycanın Zəfər tarixinin ən önəmli məqamlarından biri oldu. Görülən işlər və büdcədən ayrılan vəsaitlər  onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir.  Cənab İlham Əliyevin  son iki ildə Laçına reallaşdırdığı  4 səfərin hər biri  yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Belə ki,  Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən və uzunluğu 72,8 kilometr olan  Kəlbəcər-Laçın avtomobil yolunda işlər sürətlə davam etdirilir.”

Baş redaktor diqqəti işğaldan azad edilmiş  ərazilərimizdə artıq istifadəyə verilən Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarına, eyni zamanda, tikintisi davam edən,  2025-ci ildə işə salınması nəzərdə tutulan Laçın  Beynəlxalq Hava Limanına yönəldib: “2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və onun turizm potensialının artırılmasına səbəb olacaq. Laçının yenidən qurulmasına xüsusi önəm verən Prezident İlham Əliyevin  “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu bölgələrdə layihələndirilmə və tikinti işlərinin həyata keçirilməsinə xidmət edir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin cari ilin sentyabrın 21-də Laçına səfəri bir çox tarixi məqamları ilə yadda qaldı: “Bu səfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz  – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq” müjdəsindən sonra reallaşdırılıb. Laçın şəhərinin  mərkəzində Azərbaycan Bayrağı ucaldıldıqdan sonra dövlət başçısı çıxışında  bu çağırışı etdi: “Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

“İki sahil” qəzetinin baş redaktoru bu ümumiləşdirməni aparıb ki, Laçında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri laçınlıların  qısa müddətdə öz doğma yurd-yuvalarına  qayıdışlarını  yaxınlaşdırır.  Laçınlıların birinci qrupunun öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıtması nəzərdə tutulub. Prezident İlham Əliyevin  16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» hədəflərə qısa zamanda nail olmağa geniş imkanlar yaradacaq.  Həmçinin Böyük Qayıdış «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də əsas hədəflərdən biridir.

DİGƏR Xəbərlər Arxiv