YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan qardaşlığının nümayişi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

İki il öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsinə həsr olunan Zəfər Paradı keçirildi. Hər bir əlamətdar hadisə özündə müəyyən məqamları, çağırışları ifadə edir. Zəfər paradı Azərbaycanın hərbi qüdrətinin təqdimatı olmaqla yanaşı, bir daha diqqəti Azərbaycan-Türkiyə qardaşlığına yönəltdi. Hər zaman Azərbaycanın yanında olan qardaş ölkə Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan Zəfər paradında da bu birliyini nümayiş etdirdi. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi Ermənistana və 30 il işğalçı dövlətə havadarlıq edərək məsələnin həlli prosesinin uzanmasına səbəb olan dövlətlərə ciddi mesaj idi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Bütün küçə və meydanlarımızı bəzəyən Azərbaycan və Türkiyə bayraqları iki qardaş ölkənin dostluğunun, qardaşlığının təzahürü idi.

İkinci Qarabağ müharibəsinin başlandığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müharibənin sonunadək ölkəmizə siyasi və mənəvi dəstəyini göstərən qardaş ölkə hər anın reallıqlarını Azərbaycanla eyni yaşadı. Cəbhədən gələn qələbə xəbərləri Türkiyə mətbuatının da manşetini bəzədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında bir daha diqqəti həmin məqamlara yönəldərək böyük qürur və sevinc hissi ilə bildirmişdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”

Zəfər paradında yadda qalan məqamlardan biri də müharibə zamanı qənimət kimi götürülmüş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi.  Bu zəfər xalqın qürur mənbəyinə çevrildi. 44 günün hər anı şanlı tarixdir. Zəfər paradı bu kimi məqamları özündə birləşdirdi. 44 gündə bir an da belə geri çəkilməyən Azərbaycan Ordusu daim irəli getdi, işğal altında olan şəhərləri, kəndləri, qəsəbələri, strateji əhəmiyyətli yüksəklikləri azad etdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: “İşğala son qoyulsun - tarixi ədalət zəfər çalsın!

Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Şanlı Ordumuz   parlaq qələbə qazandı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradında böyük əminliklə söylədiyi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” fikirlər qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu.

Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda iki ildir həm işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, həm də qalib Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış  edərək regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasına səy göstərir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.  

DİGƏR Xəbərlər Arxiv