YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev hər an bizimlədir

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Biz hər an, hər saat, hər gün onu görür, nəfəsini duyur, səsini eşidirik. Vüqarlı qaməti, iti, mənalı baxışları, xoş təbəssümü, müdrik kəlamları qəlbimizi sevindirir, bizə yol göstərir, qolumuza güc, gözümüzə nur verir. Evimizin ən əziz qonağına, dövrümüzün ən böyük dahisinə, nəslimizin ən istəklisinə çevrilən bu insanın amallarını, əməllərini, söhbətlərini, sözlərini yada saldıqca, təkrarladıqca ucalırsan, vüqarlanırsan və azərbaycanlı olmağınla fəxr edirsən. Açılan səhərin aydın üfiqlərindən, nur sifətli nənələrin, babaların baxışlarından, fidan balaların şirin kəlmələrindən, şerlərindən, televiziya ekranlarından, qəzet səhifələrindən hər an bizə sarı boylanan bu müdrik azərbaycanlının gözlərindəki sevinci duymaq çətin deyil. Bu qələbələrimizdən, uğurlarımızdan, inkişafımızdan doğan sevincdir. Bu ruhun əbədi bəxtiyarlığı, xoşbəxtliyidir. Öz müqəddəs arzuları, əməlləri, ruhu ilə ömrümüzə hakim, istəklərimizə dayaq, yolumuza nur, gələcəyimizə dəstək olan Ulu Öndərimiz Heydər Əliyevi hər an xatırlamağımız, səsini eşitməyimiz, nəfəsini duymağımız onun ideyalarının saflığındandır, bəşərliliyindəndir, ölməzliyindəndir.

Heydər Əliyevin düşüncələri, ideyaları yalnız Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət, xalqlar və dövlətlər üçün faydalıdır. Çünki bu fikirlərin mayasında paklıq, insanlıq, vətənpərvərlik, hörmət və səmimiyyət vardır. Əlbəttə ki, dəyərlərin, istəklərin, xidmətlərin ən böyüyü Azərbaycan xalqına məxsusdur. Heydər Əliyev öz xalqını dünyanın ən müdrik, cəsarətli, vətənpərvər xalqı kimi qiymətləndirir və azərbaycanlı olduğu üçün daimi fəxr edirdi. Azərbaycançılıq, dünya azərbaycanlılarını bir yerdə, həmrəy, türk dünyasını azad, xoşbəxt görmək Ümummili Liderimizin ən böyük arzusu idi. Bu tək arzu deyildi, həqiqətə çevrilməsi mümkün olan bir əməl idi. Ulu Öndər sağlığında arzunu həqiqətə çevirmək üçün ciddi təşəbbüslər göstərirdi və demək olar ki, bir növ istəyinə nail oldu. Ola bilmədiklərinin mütləq yerinə yetiriləcəyinə inandı və bu inam yerinə yetirildiyi üçün onun ruhu şaddır.  Heydər Əliyev “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Tarix həmişə hər şeyi öz yerinə qoyur” deyirdi. Ulu Öndər bildirirdi ki, “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Ümummili Liderimiz xatırladırdı ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Heydər Əliyev öz xalqına inanırdı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inaınıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Heydər Əliyevin sağlığında söylədiyi fikirləri nümunə gətirməkdə məqsədimiz bu fikirlərin aliliyinə, dahiyanəliyinə diqqəti bir daha cəlb etməkdir. Tarixi öyrənmək, onun dərslərindən ibrət götürmək, keçmişi unutmamaq kimi fikirləri söyləyərkən Heydər Əliyev bilirdi ki, tarix unudulmur, hər şeyi yerinə qoyur və biz mütləq öz tariximizi yad etməklə tarixi ədaləti bərpa edəcəyik. Güclü iqtisadiyyata malik olmadan güclü ordu yaratmaq, qalib gəlmək mümkün deyil. İllər keçsə də bu günümüzün də reallığıdır. Heydər Əliyev bunu 60 - 70 il bundan görürdü və 1969 - cu ildə, eləcə də sonrakı illərdə ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatı inkişaf etdirməyi, zabit kadrları hazırlamağı, güclü ordu yaratmağı birinci dərəcəli vəzifə kimi qarşıya qoydu və imkanları daxilində buna nail oldu. Heydər Əliyev öz inamında yanılan insan deyildi. Çünki seçdiyi insanı dönə - dönə sınaqdan çıxarır, yoxlayır və sonra dəyərləndirərdi. Öz övladına - İlham Əliyevə münasibətdə də müdrik bir gedişə imza atdı və Azərbaycan xalqını bugünkü xoşbəxtliyə, qələbələrə çatdırdı. Bir çox uğurlu nəticələri - iqtisadi inkişafı, beynəlxalq aləmdə qazanılan nüfuzu, həyata keçirilən islahatları, Dövlət proqramlarını, mühüm layihələri bir kənara qoyub, ancaq 44 günlük vətən müharibəsindəki xidmətlərini nəzərə alsaq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz xalqı, müzəffər ordusu ilə adını Azərbaycan tarixinə əbədi həkk etmişdir. Erməni faşizmi üzərində tarixi qələbə, uzun illər itirə - itirə getdiyimiz torpaqların geri alınması, dünyaya Azərbaycan ordusunun, xalqının şücaətinin nümayiş etdirilməsi əbədi və unudulmaz qəhrəmanlıqdır.

Heydər Əliyev də bu günün gələcəyinə, işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Şuşanın, Ağdamın, Kəlbəcərin və digər rayonların düşməndən təmizlənəcəyinə inanırdı və buna görə də İlham Əliyevə böyük ümid bəsləyirdi. Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki Azərbaycan xalqı onu hər an yad edir, cənab İlham Əliyev Ulu Öndərimizin ideyalarını uğurla həyata keçirir. Ümummilli Liderimizin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən dünya azərbaycanlılıarı müdrik rəhbərin çağırışlarına, vəsiyyətlərinə böyük hörmət və ehtiram nümayiş etdirirlər. Xarici ölkələrdə Heydər Əliyevin adının əbədiləşdirilməsi,xatirəsinin yad edilməsi üçün lazımı, əhəmiyyətli tədbirlər görülür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun bu sahədə xidmətləri, fəaliyyəti əvəzsizdir. Fond öz fəaliyyəti ilə ölkənin ictimai - siyasi, iqtisadi həyatına yeni töhfələr verməklə bərabər, Heydər Əliyev ideyalarının ölməzliyini görülən işlərdə təcəssüm etdirir, tarixləşdirir.                                    

Bəli, Heydər Əliyev hər an bizimlədir. O, xalqımızın qəlbində, arzularında yaşayır. Hər gün bizimlə görüşür, danışır və qələbələrimizə sevinir. Daim belə olacaq. Ulu Öndər açılan səhərlərdə doğulacaq, qəlbimizə nur saçacaq, bizimlə - xalqımız və vətənimizlə əbədi, xoşbəxt ömür sürəcəkdir. Nəsillər bu ömürlə fəxr edəcək və Ulu Öndərimizin adını, andını, ideyalarını həmişə uca tutacaq, əbədi yaşadacaqlar.

                                                                                                                  

DİGƏR Xəbərlər Arxiv