YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı yeni hədəflərin təqdimatı oldu

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, Qələbəyə həsr olunan Zəfər paradı Azərbaycanın hərbi gücünün, Silahlı Qüvvələrimizin döyüş ruhunun yüksəkliyinin dünyaya təqdimatı oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasətinin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, bu gün ordumuz müasir silah-sursat, döyüş texnikası, şəxsi heyətin sayı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və dünyanın aparıcı 50 ordusu sırasında yer alır. Tarixi Zəfərimiz bu üstünlüyümüzün təsdiqidir. 44 günün hər günündə irəliyə döru addımlayan rəşadətli Ordumuz 30 illik torpaq həsrətimizə son qoydu, şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz işğaldan azad edildi. Bu torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimizdir. Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı yeni səhifə ilə bir sıra çağırışları özündə ehtiva etdi. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı. Dünya bu reallığı qəbul etdi ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. 44 gündə Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu bu Zəfərimizdən əvvəl də işğalçı dövlətə dəfələrlə dərs vermişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Lakin Ermənistan bu dərslərdən nəticə çıxarmadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. İşğalçı dövlət tarixdə heç zaman unuda bilməyəcəyi dərsi aldı.

Şanlı Qələbənin şərəfinə 2020-ci il 10 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Zəfərimizin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən -düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika nümayiş olunur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaş­dırılması istiqamətində də mühüm işlər aparılır. İki qardaş ölkənin birgə keçirdikləri hərbi təlimlər də bunun bariz nümunəsidir.

Zəfər paradı Azərbaycanın hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır” fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük: “Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.”