YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu

“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Müzəffər Ordumuz  Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Müzəffər ordumuzun hər bir əsgər və zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında böyük xidmətlər göstərdi. Məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Azərbaycan Ordusunda bir nəfərin belə fərarilik etməsi faktı qeydə alınmadı.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.  Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edərək bildirmişdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

K.Bayramov diqqətə çatdırıb ki, paytaxtın Azadlıq meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ yaddaşlarda çox qalacaqdır. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.  İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Cəmi 44 gün ərzində Ermənistanın ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edilməklə mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutu oldu.

Deputat əlavə edib ki, ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası məhv edildi, canlı qüvvəsi sıradan çıxarıldı və Azərbaycan bütün dünyaya öz gücünü, öz qüdrətini göstərdi. Ağır məğlubiyyətə dözməyərək noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atmalı oldu. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı rayonlarımızda da qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Məqsədyönlü səylər nəticəsində Ermənistanın yalançı təbliğatına son qoyuldu. Haqqımız olanı geri qaytardıq. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdi. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində, müstəqillik tariximizdə ilk dəfə olaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi, xalq olaraq, ümummilli maraqlar uğrunda yumruq kimi bir ola bilməsini və  Azərbaycanın ədalətli mövqe tutmasını  göstərdi.