YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Respublika Günü münasibətilə Texas ştatı parlamentinin binasında ziyafət verilib

Azərbaycanın Respublika Günü münasibətilə ABŞ-ın Texas ştatı Senatının və Nümayəndələr Palatasının yerləşdiyi binada ziyafət verilib.

Tədbir Texas ştatı senatorlarının və Nümayəndələr Palatası üzvlərinin, Azərbaycanın Dostları Assambleyasının (AFAZ) təşəbbüsü ilə təşkil olunub.

Ziyafətdə ştat Senatının və Nümayəndələr Palatasının üzvləri və onların ofislərinin təmsilçiləri, həmçinin Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (Houston-Baku Sister City Association) prezidenti İradə Axundova və Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Texas qanunvericiləri 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu və o dövrdə bir çox dövlət, o cümlədən ABŞ tərəfindən tanındığını qeyd ediblər. Azərbaycanın bu gün də ABŞ üçün önəmi xüsusi qeyd edilərək iki ölkə arasında strateji xarakterli münasibətlərin, bir çox sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək ölkəmizin milli bayramının yüksək səviyyədə keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, son illərdə respublikamızda əldə olunmuş nailiyyətlər və bütün sahələrdə gözəçarpan inkişaf barədə məlumat verib.